Rusiya-Ukrayna müharibəsinin yeni dönəmi: - Orxan Saffari yazır

Hazırda dünya siyasətinin gündəmini təşkil edən Rusiya-Ukrayna müharibəsinin sonunun necə olacağı artıq beyinləri qarışdırır. Belə demək olarsa, Rusiya-Ukrayna müharibəsi yeni dönəmə qədəm qoyub, “kartlar yenidən paylanılır”.

Bu məqamda isə sonda deyiləni əvvəldə deməkdə fayda var:

Əslində, Rusiya bu müharibədə artıq Ukrayna ilə yox, Qərb ilə müharibə aparır. Yəni, məsələyə təkcə iki ölkənin şəxsi münaqişəsi kimi baxmaq sadəlövlük olar.

Bəs niyə bu müharibənin sonunun necə olacağı beyinləri qarışdırır, proseslər bir anda necə dəyişdi?

İlk növbədə məsələ budur:

ABŞ niyə ATACMS raketlərinə icazə verdi?

Məlum, Co Baydenin bu qərarından sonra iki ölkə arasındakı münaqişə daha da qızışır və yenə ortaya bir sual çıxır:

Uzun müddətdir, istifadəsinə icazə verilməyən silahın birdən-birə icazəsi niyə verildi?

Yoxsa, bu, Baydenin Tramp gələnə qədər vəziyyəti daha da pisləşdirmək cəhdləridir?

Səbəblər belə ola bilər:

Əvvəla, Şimali Koreya əsgərləri Kurskda müharibəyə cəlb olunub.

Digər səbəb də elə Donald Trampın özüdür.

Bu da var, bütün bunlardan əvvəl Tramp bir neçə dəfə ABŞ-ın Ukraynaya hərbi yardımını tənqid etmişdi.

Amma bu məqamda isə təzədən yeni qərar qəbul olunur.

Belə ki, ABŞ özünün imzalamasa da, lakin Ottava konvensiyasına görə qadağan olunan piyadalar əleyhinə minaları Ukraynaya göndərir.

Ard-arda verilən bu qərarlar ortada başqa planların olduğunu da göstərir.

Çünki edilən bu yardımların heç biri kiçik yardımlar deyil, ən pis halda Ukraynanın xeyrinə olmaqla müharibənin gedişatına təsir edir.

Bu silahların istifadəsinə görə Ukrayna Kurskda hələ bir müddət də tab gətirə biləcək.

Üstəlik, Putin tərəfdən nüvə doktrinasına dəyişikliklərin edilməsi məsələsi də hələlik bir qədər qaranlıqdır.

Nəhayət, “Müharibənin sonu”nun sualı, məncə, bu cür qoyulmalıdır:

Rusiya Qərbə qalib gələcək, ya yenidən çökdürülür?!

Orxan Saffari

Gununsesi.info