Rusiya-Ukrayna savaşının 160-cı GÜNÜ: Dəyişən yalnız itkilərin sayıdır – TƏHLİL

160 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 5 778 ədəd, hərbi avtomobil texnikası – 2 908 ədəd, səhra artilleriyası və minaatanlar – 920 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 261 ədəd, HHM sistemi – 119 ədəd, təyyarələr – 223 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 176 ədəd, PUA – 740 ədəd, gəmi-kater – 15 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 974 ədəd, hərbi avtomobil texnikası – 4 020 ədəd, səhra artilleriyası və minaatanlar – 845 ədəd, YARS – 580 ədəd, HHM sistemi – 383 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 465 ədəd.

Rusiya-Ukrayna müharibəsinin 160-cı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 160-cı gündə əməliyyatlar teatrında tərəflərin hücum və müdafiə döyüşləri davam edib:

“Son sutka ərzində Rusiya və Ukrayna qoşnlarının təmas vəziyyətindəki əməliyyat şəraitində ciddi dəşiklik baş vermədi. Bütün istiqamətlərdə Rusiya qoşunları hücum cəhdlərini davam etdirdi. Hücum qruplarını minaatan və artilleriya bölmələrinin atəşləri ilə dəstəklədi. Yer-yer hava hücumu vasitələri ilə raket zərbələri endirildi. Ukrayna qoşunları Rusiya qoşunlarının bütün hücum cəhdlərini durdurmağa çalışdı. Onlar buna, əsasən, nail oldular.

Bu gün üçün deyə bilərik ki, tərəflərin strateji hədəflərinə nail olmalarında ciddi dalan yaranıb. Nə udan tərəf var, nə də uduzan. Heç bir tərəf məğlubiyyəti qəbul etmir. Müharibənin sürünən səngər fazasına keçdiyini müşahidə edirik. Günü situativ döyüş səhnələri qurtarır. Bəzən kəşfiyyat diversiya qrupları, bəzən artilleriya bölmələri, bəzən də qırıcı-bombardmançı təyyarələrin hücumları vəziyyətə “rəng” qatmağa çalışır.

Birinci eşalon bölmələri müdafiə mövqelərindən irəliyə getməyə tələsmirlər. Çünki onları qarşıda ölümün pusquda gözədiyini bilirlər. Bunun üçün onlardan əvvəlkilərin 160 günlük bir itki təcrübəsi var. Bəzi təsdiq olunmamış məlumatlara görə, tərəflərin müharibənin əvvəlində əməliyyatlara cəlb olunmuş şəxsi heyətinin 30-40 min nəfər arasında itkisi olduğu gizlədilmir. Bunu hərbi bölməyə çevirdikdə 70-80 tabor taktiki qrup anlamına gəlir. Bu itkilər hər iki tərəfin birinci eşalonda döyüşən tabor taktiki qruplarının ən döyüş qabiliyyətli hissəsi idi. Geridən müharibəyə qatılanlar isə peşkarlıqdan çox uzaq olanlardır. Peşəkar olmayan döyüşçülərdən ciddi uğurlar gözləyən komandanların yerində olmaq istəməzdim.

Cəbhənin ümumi genişliyi 1000 kilometr, dərinliyi isə 80-100 kilometr məsafədə dəyişir. Bu areal artıq ölüm vadisinə çevrilib. Bu areala daxil edilən qüvvələrin buradan sağ çıxması ehtimalı 10-30 faiz arasında dəyişir. Bu isə o deməkdir ki, hələ bu vadidə çox başlar gedəcək. Siyasi liderlər xalqlarını bu itkilərin məqbul olduğuna inandırmağa çalışsalar da, xalq bunun onlara nəyə mail olacağını uzun vədədə hiss edəcək. Xüsusən də strateji məqsədlərə nail olunmayacaqsa…

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinin 20 faizini nəzarətə götürmüş olsa da, müharibədə əzici üstnlüyə nail ola bilmir. 24 fevraladək nəzarətə götürülmüş ərazi 6 faiz idi. İndi bu ərazilərdə 8 milyon insan yaşayır. Buna uğur demək olarmı, olar. Amma keçici uğurla məğlubiyyət arasında bir addım məsafə var…

Ukraynanı dünya hərbi gücünün 70 faizini ehtiva edən Şimali Atlantika Alyansına daxil olan ölkələr tam gücü ilə dəstəkləyir. Bura hərbi və maliyyə yardımı daxildir. Bu dəstək artıq 80 milyard dollar həcmində həyata keçirilib. Bu, müharibənin gedişatını müəyyən edən ciddi rəqəmdir.

Rusiya isə tam əksinə. Öz hərbi və iqtisadi gücünü tükədir və dünyada “arzuolunmaz ölkə” statusunu qazanır. Uzun vədədə bu kriteriyalar üzərindən müharibədə kimin qalib tərəf olacağını hesablamaq çətin deyil.

Rusiyanın hələ ki nail ola bilmədiyi strateji hədəflərinə Ukraynanın Xerson, Xarkov, Zaporojye vilayətləri daxildir. Gözlənilir ki, payızda Rusiyanın nəzarətə götürdüyü Ukrayna ərazilərində referendum keçiriləcək və bu ərazilər Rusiyaya birləşdiriləcək. Teorik olaraq bu, mümkün görünür. Praktikada isə Ukraynanın bununla nə qədər barışacağını zaman göstərəcək…

Müharibə Ukrayna ərazilərində getdiyi üçün mülki infrastrukturun dağılması nəticəsində ciddi iqtisadi itkilərə məruz qalır. Rusiya isə beynəlxalq sanksiyalardan ciddi maliyyə resurslarını əlindən qaçırır. Hər iki tərəf itirir. “Həm canından həm də qanından”.

Ekspert hesablamalarına görə, bu il üçün Ukraynanın ümumi milli gəliri 30-40 faiz azalacaq. İqtisadi itkilərin ümumi həcmi 600 milyard dollar məbləğində hesablanır. Bu da, öz növbəsində, Ukraynanı iqtisadi və maliyyə asılılığı olan ölkəyə çevirir.

Rusiya isə xarici valyuta borclarını ödəyə bilməyən ölkə vəziyyətinə gəlib. Texniki defoltun bir addımılığında qərarlaşıb. Müharibənin başlanğıcına 640 milyard qızıl və valyuta ehtiyatı ilə başlayan bir ölkənin müharibənin 160-cı gündən sonra gəldiyi vəziyyət çılpaqlığı ilə ortadadır. 20 faiz ərazi nəzarətə götürülüb və qarşılığında bu qədər vəsait itirilib.

Yuxarıda sadalanaların fonunda gəlinən nəticə ondan ibarətdir ki, 160-cı gündə hər iki tərəfin ordusu cəbhədə dirənmiş hala gəlib. Bir-birini taktiki səviyyədə məğlub etməyə çalışan iki yorğun ordu görürük. 160 gün fasiləsiz döyüşən ordulardan bundan artığını gözləmək sadəlövhlük olardı. Müharibə 200 gün davam etsə, artan itkilərdən başqa nə dəyişəcək ki?

Son günlərdə əsas əməliyyatlar Xerson istiqamətində aparılacaq. Ukrayna ordusu Xersonu azad etmək üçün burada olan 10-15 minlik Rusiya qruplaşmasını məhv etməlidir. Əks halda, Rusiya qoşunları daha irəli getməyə çalışacaq. Onlar bunu bacaracaqlarmı, önümüzdəki günlərdə görəcəyik…”.

Gununsesi.info