Rusiya Ukraynanı axşama qədər gözləyəcək: ikinci raund olacaqmı?

  • By admin
  • 02 Mart 2022 16:49

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun bu gün keçirilməsi ilə bağlı müəmma davam edir.

Gununsesi.info xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba ikinci raundun nə vaxt keçiriləcəyinin hələlik məlum olmadığını açıqlayıb.

Onun sözlərinə görə, birinci raundda irəliləyiş olmadı: “Rusiyanın tələbləri prinsipcə dəyişməz olaraq qalır. Bu, Putinin müharibə başlanmazdan əvvəl səsləndirdiyi tələblərdir. Biz danışıqlara, diplomatiyaya hazırıq, lakin heç bir halda Rusiyanın ultimatumunu qəbul etməyə hazır deyilik”.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə bildirib ki, onlar Ukrayna nümayəndə heyətini gözləyirlər.

“Nümayəndə heyətimiz danışıqlar üçün Ukrayna nümayəndə heyətini axşama qədər gözləyəcək”, – Peskov deyib, lakin o, danışıqların harada olacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, danışıqların ikinci raundunun Polşa-Belarus sərhədində keçiriləcəyi gözlənilirdi.

Gununsesi.info