Rusiya və İran arasında valyuta ANLAŞMASI

  • By admin
  • 28 Dekabr 2023 11:26

İran və Rusiya ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, İran Mərkəzi Bankının mənbələrindən İRNA-ya verilən məlumata görə, ABŞ dollarının qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma Rusiyada iki ölkənin mərkəzi banklarının rəhbərləri arasında keçirilən görüşdə əldə olunub.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.

İran lideri Ayətullah Əli Xameneyi 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib. Putin cavabında ABŞ-ın dollardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını bildirərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.

İran dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.

Gununsesi.info