Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəlkitək Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymaq ənənəsindən qurtulmaq istəmirlər.
Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir:
“Biz dedik ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Mariya Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, “biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”.
Politoloq qeyd edib ki, Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? “İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Mariya Zaxarovaya xatırlatmalıdır ki, Məhəmməd Əmin Rəsulzadə ilə Njde arasında paralellər aparmaq yumşaq desək yanlışdır, tarixi bilgisizlikdir, ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib, Azərbaycan Cumhuriyyətinin qurucusu isə İkinci Dünya müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində ona Berlinə girişinə qadağa qoyulub. Bunu Mariya Zaxarovaya xatılatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər öndərlərimiz haqqında danışanda qeyri-dəqiq ifadələrə yol verməsin”, – deyə o yekunlaşdırıb.
Gununsesi.info