Bu gündən Tacikistanın Fəxrabad poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlılarının “Kobalt-2021” birgə təlimləri başlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Hərbi Dairənin hərbçiləri “Kobalt-2021″ KTMT-nin birgə hərbi təlimində iştirak etmək üçün Fəxrabad poliqonuna gəliblər. Təlim noyabrın 19-dək baş tutacaq”, – məlumatda deyilir.
Bildirilib ki, hərbçilər Düşənbədən BTR-80 zirehli transportyorları və “Tiger” zirehli texnikası ilə 45 kilometrlik yürüş keçiriblər və bu yürüş zamanı konvoyun döyüş mühafizəsi aspektləri izlənilib, təxribat və kəşfiyyat qruplarının hücumunu və “düşmən”in hava zərbələrini dəf etmək üçün şərti ərazilərdən keçiblər. Təlim zamanı Rusiya hərbçiləri KTMT üzvü olan Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan xüsusi təyinatlı qüvvələri ilə birlikdə əməliyyatın planlaşdırılması və keçirilməsini işləyib hazırlayacaqlar.
Daha əvvəl bildirilmişdi ki, “Kobalt-2021” təlimində KTMT ölkələrindən xüsusi təyinatlılar, daxili işlər orqanları, dövlət təhlükəsizliyi, fövqəladə hallar və narkotiklərlə mübarizə üzrə nazirlik və idarələrin nümayəndələri və kollektiv çevik reaksiya qüvvələri iştirak edəcək. Təlimin məqsədi KTMT regionlarında birgə və əməliyyat-döyüş tədbirlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır.
Təlimdə Rusiya hərbi kontingentini Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı dəstəsinin və 201-ci hərbi bazanın kəşfiyyat batalyonunun hərbçiləri təmsil edəcək.
Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın hüdudlarından kənarda yerləşən ən böyük hərbi obyektidir (Mərkəzi Hərbi Dairənin bir hissəsidir). İki şəhərdə – Düşənbə və Qurqonteppada yerləşir. Buraya tank, artilleriya, kəşfiyyat bölmələri, hava hücumundan müdafiə bölmələri, RCB mühafizəsi və rabitə vasitələri daxildir.
Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi fonunda Rusiya hərbçiləri Tacikistandakı bazanı yeni silahlarla gücləndirmək barədə məlumat yayıblar. Bundan əlavə, Rusiya və onun KTMT üzrə müttəfiqləri Tacikistanda bir sıra təlimlər keçirib.
Gununsesi.info