Rusiyada ABŞ jurnalisti Qerşkoviçə 18 il cəza istənilib

Rusiyada prokurorlar “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçi (Evan Gershkovich) casusluqda təqsirli bilməyi, onu 18 il həbsə məhkum etməyi tələb ediblər. Qəzet və ABŞ hökuməti bu ittihamları rədd edir.

İyulun 19-da məhkəmədə son arqumentlər səsləndirilib, hökmün də bu gün çıxarılacağı gözlənilir. Bundan bir gün öncə isə Qerşkoviçin çalışdığı qəzet və ABŞ Dövlət Departamenti jurnalisti azadlığa buraxmağa çağırmışdı.

İyunun 26-da başlamış məhkəmə Yekaterinburq şəhərində qapalı keçirilir.

Qerşkoviç 2023-cü ilin martında Yekaterinburqda reportaj hazırlayarkən saxlanılıb. Ona Rusiyanın Ukraynadakı müharibəsi üçün tanklar hazırlanan zavod barədə informasiya əldə etməyə cəhd ittihamı irəli sürülüb. Jurnalist məlumatı daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) ötürmək niyyətində şübhəli bilinir. O, soyuq müharibə bitəndən Rusiyada casusluq ittihamları ilə saxlanan ilk ABŞ jurnalistidir.

32 yaşlı amerikalı keçmiş Sovet İttifaqından mühacirlərin övladıdır.

“The Wall Street Journal” və ABŞ hökuməti casusluq ittihamlarını qətiyyətlə rədd edir, Qerşkoviçin akkreditə olunmuş jurnalist kimi yalnız öz işini gördüyünü bildirirlər.

Hazırda Qerşkoviçdən savayı, AzadlıqRadiosunun veteran jurnalisti, ikili vətəndaşlığı olan Alsu Kurmaşeva da Rusiyada həbsdədir. O, oktyabrda Kazanda saxlanılıb, “xarici agent” kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. AzadlıqRadiosu və ABŞ hökuməti jurnalistin peşə fəaliyyətinə görə saxlanıldığını deyir.

Qerşkoviçdən fərqli olaraq Kurmaşevanı ABŞ hökuməti “qanunsuz saxlananlar” kateqoriyasına salmayıb, baxmayaraq ki, radio və jurnalistin ailəsi buna dəfələrlə çağırış edib. Bu kateqoriya işin ABŞ Dövlət Departamentində girovlarla iş üzrə xüsusi elçinin ofisinə verilməsini mümkün edir. Yəni iş siyasi yöndən dəyərləndirilir, ABŞ administrasiyası məhbusun buraxılmasına nail olmaqdan ötrü əlavə resurslar ayırır.