Rusiyada Azərbaycan Universitetinin filialı açılacaq

  • By admin
  • 12 İyul 2016 13:20

filal

 

Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialı açılacaq. Gununsesi.info xəbər verir ki, bu məsələ Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrov arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə nazirlər Azərbaycan və Rusiya arasında digər məsələlərlə yanaşı humanitar sahədə də əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər digər sahələrdə olduğu kimi əlaqələrinin inkişafında humanitar ölçülərin xüsusi əhəmiyyətini söyləyərək bu xüsusda Azərbaycan-Rusiya humanitar forumu, Bakı humanitar forumu, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair birgə layihələri, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialının açılmasını qeyd ediblər.

Rusiya mədəniyyət və incəsənət xadimlərinin Bakıya qastrollarının müntəzəm xarakter daşıdığını deyən nazirlər Bakının mədəni həyatında mühüm hadisəyə çevrilən “Жара” musiqi festivalının uğurla keçdiyini vurğulayıblar.

Şimal-Cənub nəqliyyat dəhlizinin genişmiqyaslı tranzit daşımaları üçün əhəmiyyətini söyləyən nazirlər bu sahədə Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığını vurğulayıblar.

Nazirlər həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin həcmindən məmnunluq ifadə edərək birgə səylərlə ikitərəfli ticarət əlaqələrinin tempinin daha da artırılmasını gündəlikdə duran vacib məsələlərdən biri kimi qeyd ediblər.

 

Gununsesi.info