Rusiyada məmurların kütləvi həbsinə start verilib

  • By admin
  • 02 Aprel 2019 22:52

Rusiyada yüksək rütbəli məmurların həbsi dalğası tüğyan edir. Almaniyanın “Handelsblatt” qəzetinin bu həbslərlə bağlı məqaləsində deyilir ki, görünür bunun arxasında hakimiyyət uğrunda gizli mübarizə dayanır və sonda bütün bunlar prezident Putinə ziyan vura bilər.

Belə ki, ötən həftə Moskvanın Basmannıy rayon məhkəməsi eks-nazir Viktor İşayevin ev dustaqlığına göndərilməsi barədə qərar çıxarıb. İşayev Rusiya siyasətinin ağırçəkili fiqurlarından bididir, o təkcə Xabarovsk vilayətinin qubernatoru olmayıb. Eyni zamanda prezidentin Uzaq Şərq dairəsi üzrə səlahiyyətli nümayəndəsi idi. Və 2013-cü ilə qədər Uzaq Şərqin inkişafı məsələləri üzrə nazir postunu tutub.

Ötən ilə qədər isə İşayev “Rosneft”in vitse-prezidenti vəzifəsini tuturdu. Və onun həbsi də məhz “Rosneft”lə bağlıdır. İstintaq hesab edir ki, İşayev şirkət rəhbərliyini aldadıb və onun üçün daşınmaz əmlakı şişirdilmiş qiymətə icarəyə götürüb. İşayevin həbsinin arxasında Kremlin qüdrətli “boz kardinalı”, “Rosneft”in prezidenti İqor Seçinin dayandığı istisna deyil.

Baş nazir Dmitri Medvedyevə yaxın olan İşayev ötən ilin payızında keçirilən yerli seçkilər zamanı qeyri-rəsmi olsa da Kremlin namizədinin əleyhinə çıxıb və LDPR-in namizədi Sergey Furqalı dəstəkləyib. Furqal qalib gəlib və bu, Kreml siyasi rəhbərliyi üçün siyasi sillə olub. Görünür İşayevə qarşı təhqiqat da hakimiyyətin cavab reaksiyasıdır.

Həbs edilən və daha sonra ev dustaqlığına göndərilən digər eks-nazir Mixail Abızov da Medvedyevin ətrafına daxil olub. O, dələduzluqda, mənimsəmədə ittiham edilir. Görünür Abızovun vurulması Medvedyevə qarşı yönəlib.

Qəzet yazır ki, Medvedyevin adamlarının vurulması birinci dəfə deyil. Hökumətin liberal qanadına qarşı proses hələ keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi ilə başlamışdı. İndi isə Rusiyanın təhlükəsizlik və güc strukturları bu təzyiq dalğasını genişləndirir.

Lakin zərbə təkcə liberallara endirilmir. Qafqaz oliqarx klanlarının birinin lideri, senator Rauf Araşukov da iki ay əvvəl həbs edilib. Rusiyalı publisist Dmitri Milin hesab edir ki, güc strukturlarının mövqelərinin güclənməsi yekunda hakimiyyətin özünün zəifləməsinə gətirib çıxara bilər. Çünki elitaların bu təqiblərdən kənarda qalan hissəsi öz aralarındakı ziddiyyətləri yaddan çıxarıb təhlükəsizlik aparatına qarşı birləşəcək.

Lakin təhlükəsizlik aparatı da yekdil deyil. FTX, İstintaq Komitəsi, DİN və QRU arasında pərdəarxası çəkişmələr gedir. Qəzet yazır ki, yaxın illərdə Rusiya hakim elitasında çəkişmələr artacaq. Çünki 2024-cü ilə doğru klanlar varis məsələsində öz namizədlərinin mövqelərini gücləndirməyə çalışacaqlar.

Bu arada məmurların həbsi dalğasının davam etdiyinə dair yeni xəbərlər də gəlir. Belə ki, “Kommersant”ın xəbərinə görə DİN-in məxfi əməliyyat-axtarış Bürosunun iki polkovniki FTX əməkdaşları tərəfindən həbs edilib. Onlar xüsusi texnikanın alınması zamanı 12 milyon rubl mənimsəmədə şübhəli bilinirlər. Polkovniklər Sergey Burkov və Stepan Uvarov barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Digər məlumata görə FTX əməkdaşları prezidentin xüsusi proqramlar üzrə baş idarəsinin xüsusi obyektlər Xidmətinin hərbi hissəsində də axtarış aparır. Axtarış mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi üzrə gedir, məlumata görə cinayət işi büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı üzrə qaldırılıb. Həmin xidmət ölkə rəhbərliyi üçün yeraltı komanda mərkəzlərini-bunkerləri kurasiya edir. Həbslərin aparılacağı istisna deyil. (Virtualaz.org)