
Rusiyada müxalifət lideri Aleksey Navalnının vətəndaşları küçələrə çıxmağa çağırmasından sonra ölkədə kütləvi həbslər başlayıb.
Real TV xəbər verir ki, bu barədə “Meduza” saytı xəbər yayıb.
Bildirilir ki, Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinə eyham vuraraq “Bizə Çar lazım deyil!” şüarı ilə insanları küçələrə çıxmağa çağırıb.
Aleksey Navalnının bu ərəfədə mitinqlər keçirməyə çalışmasının səbəbi Vladimir Putinin sabaha təyin edilmiş inauqurasiya mərasimidir.
Sayt yazır ki, müxalifət liderinin tərəfdarları bəzi şəhərlərdə polisə aparılır, barələrində inzibati həbs qərarı çıxarılır.
Peterburqda Navalnının qərargahının könüllüsü və “Peterburq baharı” hərəkatının koodinatoru İlya Gantvarqı saxlayıblar.
Çeboksarıda Navalnının qərargahının rəhbəri Sergey Koçkin və 5 may aksiyasının təşkilatçıları polisə aparılıb. Kemerovoda da Navalnının tərəfdarlaır polisə aparılıb və onlara sabahkı aksiyaya çıxmamaq barədə xəbərdarlıq edilib.
Ryazan, Tambov və Krasnodarda da Navalnının tərəfdarlarının saxlanılması haqda xəbərlər gəlir.
Onları ya cərimələyirlər, ya inzibati həbsə məhkum edirlər. Volqoqradda isə prokurorluq əməkdaşları məktəbə gələrək Navalnının qərargahının könüllüsünü “O bizə Çar deyil” aksiyasının yolverilməzliyi barədə xəbərdar edib.
Yekaterinburqda da polis Navalnının qərargahına basqın edib. Onlar axtarış aparıblar və 5 may aksiyası ilə bağlı plakatları müsadirə ediblər.