Rusiya parlamentinin gündəliyinə daxil olan qanun layihəsində Ukraynada müharibəyə qarşı çıxanların əmlaklarının müsadirə edilməsi nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, Rusiya parlamenti “Ukraynada müharibəyə qarşı çıxmaqda və ordunu aşağılamaqda” təqsirli bilinən şəxslərin əmlakının ələ keçirilməsinə yol açan qanun layihəsinin müzakirəsinə başlayıb.
Keçmiş sovet lideri İosif Stalinin 1930-cu illərdə hakimiyyəti dövründə “cadugər ovu”na bənzədilən bu təcrübə ölkənin təhlükəsizliyinə təhdid ittihamı ilə dövlət tərəfindən cəzalandırılan dissidentlərin əmlaklarının müsadirə edilməsini nəzərdə tutur. Qanun layihəsi qəbul edilərsə, Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan minlərlə rusiyalının əmlakı müsadirə oluna bilər.
Prezident Vladimir Putinə yaxın simalardan olan Dumanın spikeri Viyaçeslav Volodin “Rusiyaya xəyanət edən hər kəs bunun əvəzini ödəməlidir” deyərək qanun layihəsinin qəbul edilməsini istəyib.
Rusiya 2022-ci ildə başlayan müharibədən sonra ordunu tənqid etməyi cinayət saymışdı. Müharibəyə qarşı küçələrə çıxan on minlərlə insan saxlanılaraq müxtəlif cəzalara məruz qalıb.
Gununsesi.info