Rusiyadan Azərbaycana gələn turistlərin sayı 1 milyona çata bilər

  • By admin
  • 24 Dekabr 2019 16:29

“Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün istifadəyə verilməsi Rusiyadan Azərbaycana turist axınını artıracaq”.

Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün açılış mərasimində deyib.

“Turistlərin əksəriyyəti avtonəqliyyat vasitəsindən istifadə edir. Bu baxımdan körpünün istifadəyə verilməsi turistlərin sayının artırılmasına da müsbət təsir edəcək. Bu il artıq 900 minə yaxın turist Rusiyadan Azərbaycana gəlibsə, biz bunu 1 milyona çatdırmaq niyyətindəyik. Körpünün istifadəyə verilməsi də bu istiqamətdə öz müsbət təsirini göstərəcək”, – deyə Ş. Mustafayev bildirib.

O qeyd edib ki, körpünün açılışı iki ölkə arasında siyasi, iqtisadi, turizm sahəsində əlaqələrin daha da yüksək səviyyə qalxmasına xidmət edəcək.

Qeyd edək ki, Samur çayı üzərində körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metrdir. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirilib.

Gununsesi.org