Rusiyadan Pxenyana sürpriz jest: Putin Şimali Koreya liderinə avtomobil hədiyyə etdi

  • By admin
  • 20 Fevral 2024 12:57

Son aylar Şimali Koreya ilə münasibətlərini yaxşılaşdıran Rusiya Pxenyana sürpriz jest edib.

Gununsesi.info xəbər verir ki, Şimali Koreyanın rəsmi mətbuatında yer alan məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina “şəxsi istifadəsi” üçün Rusiyada istehsal olunmuş avtomobil hədiyyə edib.

Putinin Kim Çen Ina hədiyyə etdiyi avtomobili Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin sədri Pak Conq Çon və Kim Çen Inın bacısı Kim Yo Conq bazar günü qəbul edib. Putinin bu jestindən məmnun olduqlarını bildirən Kim Yo Conq bu hədiyyənin Şimali Koreya və Rusiya liderləri arasında xüsusi şəxsi münasibətlərin və xoş niyyətin bariz göstəricisi olduğunu bildirib. Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü də çatdırıb.

Şimali Koreya və Rusiya arasında münasibətlər son vaxtlar yüksək səviyyəli qarşılıqlı diplomatik səfərlərlə yeni sürət qazanıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onu müşayiət edən nümayəndə heyəti 1950-1953-cü illər arasında davam edən Koreya müharibəsinin başa çatmasını qeyd edən “Qələbə Günü” münasibəti ilə ötən iyul ayında Şimali Koreyaya gedib. Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilən Şoyqu Rusiya prezidenti Vladimir Putinin göndərdiyi əlyazma məktubu Kimə çatdırıb. Kim və Şoyqu milli müdafiə və təhlükəsizlik, regional və beynəlxalq təhlükəsizlik sahəsində ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sentyabrda Kim Rusiyaya səfər edib və Putinlə ikitərəfli sammit keçirib. İddia edilib ki, strateji əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gələn liderlər Moskvanın Pxenyana peyk və nüvə sualtı qayıqları göndərməsi müqabilində Şimali Koreyanın Rusiyaya artilleriya mərmiləri və tank əleyhinə raketlər vermə planını müzakirə ediblər.

Oktyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya ilə Şimali Koreya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün paytaxt Pxenyana rəsmi səfər etdiyi açıqlanıb. Səfər zamanı Lavrovun Şimali Koreya lideri Kim tərəfindən qəbul edildiyi və görüşün 1 saatdan çox davam etdiyi ictimaiyyətə çatdırılıb. Lavrovun Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə də görüşü olub.

Gununsesi.info