Rusiya ilk dəfə olaraq “qeyri-dost” kateqoriyasına daxil olan ölkələrin şirkətlərinin aktivlərinə rəsmən həbs qoyulacağını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin iri avropalı investorların aktivlərinin Rusiya şirkətlərinə verilməsi mexanizminin tətbiqi haqqında fərman imzalayıb.
Sənədə görə, Rusiya ilk dəfə olaraq “dost olmayan” kateqoriyaya daxil olan ölkələrin şirkətlərinin aktivlərini açıq şəkildə ələ keçirəcək. Putin “Qazprom”la birgə sərmayələri olan Almaniyanın “Wintershall” və Avstriyanın OMV enerji şirkətlərinin səhmlərinin yeni şirkətlərə məcburi satışı ilə bağlı fərman imzalayıb.
Avropa şirkətləri aktivlərinə həbs qoyulandan sonra təzminat almaq hüququ qazanacaq, bunun məbləği Rusiya hökuməti tərəfindən müəyyən ediləcək, lakin bu pullar Rusiyadakı hesablarda bloklanacaq.
İndiyədək analoji hallarda (məsələn, Danone işində) Rusiya hakimiyyəti xarici şirkətlərə qəyyumlar təyin edərək, “dost olmayan” ölkələrdəki sahibləri Rusiyadakı aktivlərini idarə etmək və əldə etmək imkanından məhrum edirdi. Ancaq bu vəziyyətdə olan şirkətlərə rəsmi olaraq həbs qoyulmadı.
Gununsesi.info