Rusiyalı general rüşvətxorluq ittihamı ilə həbs edilib

  • By admin
  • 07 Sentyabr 2023 09:24

Moskva Qarnizonu Hərbi Məhkəməsi son vaxtlara qədər 1-ci Xüsusi Təyinatlı Hava və Raket Hücumundan Müdafiə Ordusunun komandiri vəzifəsini tutan general-mayor Konstantin Ogiyenkonu rüşvətxorluq ittihamı ilə həbs edib.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

İstintaq iddia edir ki, 4-cü hava hücumundan müdafiə diviziyasının komandiri general-mayor Dmitri Belyatski K.Ogiyenkonun tapşırığı ilə ordunun balansında olan torpaqları mülki təşkilata satmağa hazırlaşıb.

Bunun müqabilində hərbçilər 30 milyon rubl qazanmağı (təxminən 519 000 manat) nəzərdə tutublar.

İstintaqda D.Belyatski təqsirini qismən boynuna alıb. Məhz ondan müstəntiqlər pulun son çatacağı ünvanın K.Ogiyenko olduğunu öyrəniblər.

Əgər məhkəmə müstəntiqlərin təqdim etdiyi sübutların əsaslı olduğunu təsdiq edərsə, Konstantin Ogiyenkonu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Gununsesi.info