Rusiyalı milyarder sanksiyalardan çıxmaq istəyir

Rusiyalı milyarder, “Alfa Group”-un yaradıcısı Mixail Fridman İspaniya hökumətindən Avropa İttifaqının (Aİ) sanksiya tətbiq etdiyi şəxslər siyahısından çıxarılmasını xahiş edib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən iş adamının müraciətində sanksiyaların aktivlərin dondurulması və Aİ daxilində səyahət qadağası kimi təsirləri vurğulanıb.

Fridman İspaniyada Dia supermarketlər şəbəkəsinə nəzarət edən LetterOne fondunun əsas səhmdarıdır.

Şəbəkə 2300-dən çox mağazaya, 100 000-ə yaxın iş yerinə sahibdir və ölkə iqtisadiyyatına 6,8 milyard avro gəlir gətirir. O, 2029-cu ilə qədər beş illik strateji plan çərçivəsində 300 yeni mağaza açmağı və illik 180 milyon avro investisiya yatırmağı vəd edib.

İş adamı qeyd edib ki, 2024-cü ilin aprelində Aİ Baş Məhkəməsi onun sanksiya siyahısına salınmasının əsassızdır.

Buna baxmayaraq, Aİ Şurası onu hələ də məhdudiyyətlər altında saxlayır.

Qeyd edək ki, ötən ilin avqustunda Fridman Lüksemburq hakimiyyətinə qarşı iddia qaldıraraq aktivlərin dondurulmasına görə 16 milyard dollar təzminat tələb etmişdi.

Hüquqşünaslar bunun beynəlxalq hüququn pozulması və ədalətsizlik olduğunu bildirirlər.

 

 

Şəbnəm

Gununsesi.info