Rusiyanı bu ölkələr xilas edəcək?

  • By admin
  • 03 Mart 2022 16:59

Lavrov “Rusiyanın çoxlu dostu var” dedikdə, əsasən üçüncü dünya və Asiya ölkələrini nəzərdə tuturdu.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında politoloq Turab Rzayev deyib.

“Rusiyanın ən böyük dostu Çindir. Ümumiyyətlə, Çin Rusiyaya qarşı tətbiq olunan sanksiyaları özünə qarşı atılmış addım kimi görür. Çinə görə Qərbin planı onu zəiflətməkdir. Bu baxımdan da Çin var gücü ilə Rusiyaya dəstək olacaq. Həm gizli, həm də açıq şəkildə. Rusiya sanksiyalar fonunda əsasən neft məhsullarını satmaqda əziyyət çəkəcək. Çin də öz növbəsində Rusiya neftini almağa yönəlib. Bu şəkildə də Rusiya sanksiyalardan müəyyən qədər qorunacaq”.

Politoloq bildirib ki, bu ölkələr Rusiyaya sanksiyalara bir müddət tab gətirməyə kömək edəcək:

“Yalnız Çin yox, eyni zamanda, Hindistan, Braziliya kimi kifayət qədər əhalisi olan ölkələr də Rusiyanı sanksiyalardan qoruya bilər. Daha maraqlı bir məqam isə Türkiyənin mövqeyidir. NATO-ya üzv olan Türkiyə də Rusiyaya sanksiya tətbiq etməyi düşünmür. Bu da Rusiya üçün çox önəmlidir. Çünki Rusiya Türkiyəyə qaz ehtiyatlarını satacaq və Türkiyə ilə qarşılıqlı ticarət əlaqələrini davam etdirəcək. Hindistan da Rusiya üçün önəmli silah bazarıdır. Rusiya Hindistanın silah təminatında əhəmiyyətli rol oynayır. Bu ölkələrlə olan iqtisadi münasibətlər Rusiyaya müəyyən qədər yardım edəcək”.

Buna baxmayaraq, politoloq bu dəstəklərin Rusiyanı xilas etmək üçün az olduğunu vurğulayıb:

“Rusiya Mərkəzi Banknın aktivlərinin 60%-dən çoxu dondurulub. Rusiya dollar, avro və sterlinq üzərindən əməliyyatlar apara bilmir. Rusiyanı SWIFT sistemindən uzaqlaşdırıblar və s. Aydındır ki, Rusiyanın çətinlikləri getdikcə artacaq”, – o qeyd edib.

Gununsesi.info