“Rusiyanın hər cür imkanı vardı ki, vaxtında Dilqəm və Şahbazı qaytarsın, amma etmədi…”

  • By admin
  • 18 Dekabr 2020 19:08
“Sonuncu dəfə əsirlərin dəyişdirilməsində də bütün dünya gördü ki, 12 əsrimizin əvəzində onlara 44 əsir qaytardıq. Amma onların kişiliyi və ləyaqəti çatmadı ki, birinci Qarabağ müharibəsi zamanı xüsusilə Kəlbəcərdən apardıqları əsirlər haqqında söhbətə qoşulsunlar”
Gununsesi.info xəbr verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Səfər Alışarlı deyib. Yazıçı Ermənistandan birinci Qarabağ müharibəsi zamanı əsir düşən insanlarımızın da geri qaytarılmasının vacibliyini vurğulayıb:
“Əslində Azərbaycan tərəfi əsirlərin dəyişdirilməsi məsələsində ermənilərə həmişə güzəşt edib. Yəni say nisbəti baxımından biz həmişə onların əsirlərini daha çox qaytarmışıq. Sonuncu dəfə əsirlərin dəyişdirilməsində də bütün dünya gördü ki, 12 əsrimizin əvəzində onlara 44 əsir qaytardıq. Amma onların kişiliyi və ləyaqəti çatmadı ki, birinci Qarabağ müharibəsi zamanı xüsusilə Kəlbəcərdən apardıqları əsirlər haqqında söhbətə qoşulsunlar. Mən bir neçə gün əvvəl televiziyada qonaq idim və ora bir qadın gəlmişdi və deyirdi ki, onun 18 qohumunu birinci Qarabağ savaşında ermənilər əsir aparıblar və hələ də indiyə qədər onlardan bir xəbər yoxdur. Və Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olan vaxtı açıqlamasında erməni əsirliyində bizim 800-dən artıq vətəndaşımızın olduğu qeyd olunmuşdu. O, məlumat isə indi “YouTube” kanalından silinib. Mən əlbəttə, əminəm ki, Azərbaycan tərəfi bu məsələni istər Qırmızı Xaç, istər Rusiya, istərsə də Ermənistan rəhbərliyi qarşısında qaldırıb. Amma Ermənistan tərəfi çox murdar və riyakar tərəfdir, Rusiyanın da bu əsirlər məsələsinin həll olunmasında belə ciddi marağı yoxdur. Bunlar əsasən ermənilərin maraqlarına oynayır və bu həssas məsələdə sanki xal qazanmağa çalışırlar. Çünki dırnağarası sülhməramlıların rəhbərinin əsirləri təyyarəylə gətirib aparması bir növ reklam xarakteri daşıyır. Halbuki bu adamlar illər boyu, xüsusilə Dilqəm və Şahbaz qeyri-insani rəftarla üzləşiblər. Rusiyanın çox böyük imkanları var idi ki, vaxtında Dilqəm və Şahbazı qaytarsın və hansı ki, Dilqəm Rusiya vətəndaşıdır. Rusiya bunu etmədi, amma indi özünü reklamla məşğuldur.
Əsirlər məsələsi həddən artıq həssas bir məsələdir. Bizim burda heç şübhəsiz ki, əsir aparılan insanların heç də hamısı sağ deyil. Əsirlərin başına ermənilər olmazın oyunun açıblar. Hətta orta əsirlərdə belə əsirlərin başına gətirilməyən müsibətləri bu əclaf ermənilər bizim əsirlərin başına gətiriblər. Bunu əsirlikdən azad olunmuş insanlarımızın nümunəsində biz açıq-aşkar görmüşük.
İndi Hadrutda böyük bir erməni kontingentinin əsir götürülməsi əlbəttə, yaxşı haldır. O baxımdan ki, bunlar atəşkəs dövründə partizan hərakatıyla Azərbaycan ordusuna qarşı təxribat törətməyə cəhd edirlər. Amma əsgərlərimiz yenə canı-qanı bahasına döyüşərək erməniləri əsir götürüb. Bununla yanaşı, indi bizim birinci Qarabağ müharibəsi əsirlərinin dəyişdirilməsi üçün əlimizdə ciddi əsaslarımız var. Sadəcə biz Beynəlxalq Qırmızı Xaçı inandırmalıyıq və o adamların yaxınları ilə görüşdürməliyik. Onları görüşdürdükdən sonra adlarını, əsir düşdükləri yerləri qeyd etmək lazımdır. Dövlət Təhlükəsizlik Xidmətində əsir düşən insanlarla bağlı iş komissiyası var və bütün bu məlumatlar onlarda da var. Sadəcə biz israrlı olmalıyıq ki, onlar tapılıb ölkəmizə qaytarılsın. “Hamının-hamıya prinsipi”ni Rusiya və Beynəlxalq Təşkilatlar ortaya atır. Düzdü, bu çox humanist bir prinsipdir. Amma qarşı tərəf bu humanizm anlayışından çox uzaq bir tərəfdir. Yəni onlar yarımvəhşi, xəstə bir toplumdur ki, onların Azərbaycana və türkçülüyə qarşı münasibətləri bütün dünyaya bəllidir. Çox təəssüf ki, dünyanın da bəzi Fransa kimi aparıcı dövlətləri onların murdar kütləsini dəstəkləyir, onlara kömək edir və onları türkçülüyə və Azərbaycana qarşı ortaya atırlar. Necə deyərlər, yaşayarıq görərik. İnanmaq istəyirəm ki,  “hamının-hamıya prinsipi” bu dəfə nəzərdən keçiriləcək və o əsirlərimizin qaytarılması istiqamətində də müvafiq adekvat addımlar atılacaq. Çox istəyərdim ki, Ermənistanda əsirlərimiz qalmasın və onlar hamısı öz yaxınlarının yanına qayıdıb, qalan ömürlərini də onların yanında yaşasınlar”.

 

Gununsesi.info