Rusiyanın hazırda itirdiyi ərazilərin 350 kv km olduğu deyilir

  • By admin
  • 08 Avqust 2024 11:53

Ukrayna hərbçilərinin Rusiyanın Kursk bölgəsinə daxil olması və bir neçə kəndi ələ keçirməsi  bu ölkənin prezidenti Vladimir Putini qıcıqlabdırıb.

Rusiya lideri baş verənləri ölkəsinə qarşı müdaxilə kimi qiymətləndirib və “genişmiqyaslı təxribat” adlandırıb.

Siyasi təhlilçi Şahin Cəfərli Gununsesi.info-ya açıqlamasında Ukrayna hərbçilərinin bu əməliyyatını  xüsusi hərbi əməliyyat kimi dəyərıəndirib:

“Son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib. Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb. Yerigəlmişkən bu xəbərin yayılmasından sonra Avropa qaz bazarında qiymət bir az qalxdı.  Xeyli Rusiya əsgəri əsir düşüb.

Ukrayna ordusunun Sudja şəhərini də nəzarətə götürdüyü barədə təsdiq olunmamış məlumatlar var.
Ukrayna siyasi-hərbi rəhbərliyi bu əməliyyatda 2 məqsəd güdə bilər:
Birincisi, Rusiya komandanlığını Donbasdakı qüvvələrinin bir qismini Kursk yanğınını söndürmək üçün geri çəkməsinə nail olmaq. Hazırda Donbasda – Pokrovsk istiqamətində Ukrayna üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya komandanlığı bu istiqamətdə ciddi perspektiv görərək rezervlərini buraya yönəldir və Ukrayna müdafiəçiləri üzərində təzyiqi hər gün artıraraq irəliləyir.
İkincisi, Rusiya ərazilərinin bir qismini, o cümlədən Kurskdakı strateji obyektləri (Sudja qazölçmə stansiyasından əlavə Kursk AES) ələ keçirərək orada möhkəmlənmək və beləliklə, danışıqlar masasında əlini gücləndirmək. Bu, çox çətin vəzifədir və müxtəlif amillərdən, o cümlədən Ukraynanın bu əməliyyata nə qədər qüvvə cəlb etməsindən asılıdır. Rusiya hazırda itirdiyi əraziləri (təxminən 350 kv km olduğu deyilir) geri almaq üçün bütün gücünü səfərbər edir.
Müharibənin gedişatını dəyişdirmək üçün Ukrayna tərəfindən qeyri-standart addımlara ehtiyac var və Kursk əməliyyatı bu tip addımlardan biridir. Nəticələri necə olacaq, onu demək çətindir. İzləyib, görəcəyik”.
Günay Mahirqızı
Gununsesi.info