“Rusiyanın Qafqaz siyasəti bərbat gündədir”

“Rusiya üçün narahatlıq yaradan məqam ondan ibarətdir ki, seçkilər öncəsi rusiyameyilli qüvvələrin Ermənistanda zəiflədilməsi prosesi gedib. Ermənistan bu vəziyyəti qiymətləndirsə, haqlı olaraq “əcəb ediblər” demək olar. Çünki bu, Rusiyada baş verən seçkilər deyil, Ermənistanda gedən prosesdir. Rusiyanın qıcıqlandığı digər bir məqam da bundan ibarətdir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Rusiyameyilli qüvvələrin Ermənistanda sosial dayağı yoxdur, bazası zəifdir. Samvel Karapetyan kimi biznesmenlər, Ruben Vardanyan təfəkkürlü və Azərbaycana qarşı siyasət aparan şəxslər artıq göstərdilər ki, Ermənistanda onların perspektivi yoxdur, gələcəyi yoxdur. Bu qüvvələr əksinə, marginaldır.

İkinci mühüm qrup erməni keşişləridir. Onlar da Rusiyameyilli qüvvələr hesab olunur. Lakin Paşinyan hakimiyyəti onları zəiflədib, seçkilər öncəsi isə həm nüfuzlarını itiriblər, həm də marginallaşıblar.

Digər bir güc mərkəzi isə Rusiya tərəfindən istifadə oluna biləcək Erməni diasporudur, xüsusilə Rusiyada yaşayanlar. Lakin erməni diasporu təkcə Rusiyada deyil, Amerikada və digər Qərb ölkələrində də mövcuddur. Amerikalı və Qərbdəki diasporla Rusiyadakı diaspora arasında fikir ayrılığı mövcuddur.

Buna görə də, rusiyameyilli qüvvələrin ikinci pasport və ikili vətəndaşlıq məsələləri vasitəsilə Paşinyana qarşı etiraz aksiyası təşkil etmək cəhdi əksinə Ermənistan ictimaiyyətini Paşinyanın ətrafında birləşdirir. Rusiyanın aqressiv siyasəti Paşinyanın xeyrinə işləyir. Təəssüf ki, Moskvadakı Kremldə Qafqaz siyasəti aparanlar bunu görmürlər. Belə təzyiqlər əksinə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir və Rusiyanın mövqeyini zəiflədir.

Həqiqətən də, Rusiyanın Qafqaz siyasəti bərbat gündədir və Ermənistan siyasəti də eyni vəziyyətdədir. Bu, həm təəccüblü, həm də qeyri-adi bir haldır”.

 

 

Şəbnəm 

Gununsesi.info