“Rusiyaya qarşı sanksiya elə ”Qazprom”a qarşı sanksiya deməkdir” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 11 Avqust 2017 12:48

elxan sahinoglu

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox “Qazprom” şirkəti ziyan çəkəcək.

Gununsesi.info xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

“Birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan “Qazprom” nəhəng layihələrini həm də xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırır. Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə ”Qazprom” şirkətidir. Demək, Rusiyaya qarşı sanksiya elə ”Qazprom”a qarşı sanksiya deməkdir”- deyə, politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Rusiyaya sanksiyalardan ən çox əziyyət çəkən ölkə Ermənistan olacaq: “Çünki Ermənistan tamamən “Qazprom” şirkətinin idxalından asılıdır. “Qazprom” isə Amerikanın sanksiyaları ucbatından siyasi səbəblərdən Ermənistana ucuz satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq”.

Onun fikrincə, bu sanksiyaların Azərbaycana da müəyyən mənfi təsirləri gözlənilir: “Amerikanın Rusiyaya qarşı sanksiyalarının sərtləşdirməsinin Azərbaycana da müəyyən təsirləri mümkündür. Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların vətənlərindəki qohumlarına göndərdikləri maliyyə azalacaq. İkincisi, kənd təssərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq. Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq. Məsələnin siyasi tərəfi də var. Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir”.

Mürtəza

Gununsesi.info