Rusiyaya qarşı sanksiyaların altıncı raundunu elan edildi - NEFT EMBARQOSU DA VAR

  • By admin
  • 04 May 2022 15:13

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı sanksiyaların altıncı raundunu elan edib.

 

Gununsesi.info bildirir ki, bu paketə, həmçinin mərhələli neft embarqosu təklifi də daxil edilib.
Bununla yanaşı 6-ci anti-Rusiya sankiya paketinə fərdi olaraq Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçiləri və digər şəxslər daxildir.

Bundan əlavə, Rusiyanın bir sıra maliyyə qurumları, eləcə də rus təbliğatçıları sanksiyalara məruz qalıb. Belə ki, Sberbank-ı və daha iki böyük bank hədəf sanksiyalarına məruz qalır, eləcə də Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayan üç böyük dövlət televiziyasının Avropa Birliyi hüdudlarında efirimə çıxışı qadağan olunub.
Ursula fon der Leyen açıqlayıb ki, Aİ Ukraynanın Rusiyaya qalib gəlməsini istəyir: “Buna görə də mən ukraynalı dostlarımız üçün kütləvi bərpa paketi üzərində işə başlamağı təklif edirəm. Bu paket ehtiyacları ödəmək və lazımi islahatları həyata keçirmək üçün böyük sərmayələr nəzərdə tutur”. O əlavə edib ki, nəhayət, Rusiya neftinin alışını qadağan etməyi təklif edirik. Gəlin etiraf edək: bu asan olmayacaq. Amma biz bunun üzərində işləməliyik”.
Məlumat üçün qeyd edək  ki, Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi aprelin 8-də qüvvəyə minib.

Buraya 2022-ci ilin avqustundan Rusiya kömürünün alınmasına qadağa və Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına qadağa daxildir.
Göründüyü kimi, Rusiyaya qarşı sanskiyalar nəinki aradan qaldırılmır, əksinə sərtləşdirilir. Bundan sonra əsas diqqət həm də onun tətbiqinə yönəldiləcək. Belə ki, Rusiyanın bu sanksiyalardan yayınmasına şərait yaradan şirkətlər və hakimiyyətlər də cəzalandırılacaq. Odur ki, Azərbaycan da bu niyyətdən daşınmalıdır.
Məlumat üçün onu da qeyd edim ki, sanksiyaların arasında ən təsirlisi neftə qoyulan embarqodur.

Beynəlxalq Enerji Agentliyinə istinadən deyə bilərik ki, 2021-ci ildə Rusiya gündəlik 10,1 million barrel neft istehsal edib ki, onun da 45 faizi və ya 4,7 milyon barreli ixrac edilib. Rusiyanın neft ixracatının təxminən yarısı Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzv ölkələrinin payına düşür. Bununla yanaşı Çin də Rusiyadan xam neft idxal edən əsas ölkələrdən hesab olunur.
Qaza gəlincə, ötən il Rusiyanın illik qaz ixracı 8,9 trilyon kub metr olub ki, onun da 74 faizi İƏİT ölkələrinin payına düşüb. İldə 262 milyon ton kömür ixracatında İƏİT ölkələrinin xüsusi çəkisi 32 faizdir.
Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ildə Rusiyanın xam neft ixracının dəyəri təxminən 73,4 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ildə qeydə alınan 121,4 milyard ABŞ dollar ilə müqayisədə 40 faizə qədər azdır. Ümumiyyətlə 2020-ci il neft ixracatından Rusiyanın əldə etdiyi gəlirlər son onillikdə ən aşağı göstəricisi hesab olunur. 2021-ci ildə Rusiyanın xam neft ixracının dəyəri əvvəlki illə müqayisədə 52 faiz artaraq 110,1 milyard ABŞ dollarından çox olub. Neft gəlirlərinin piki həddi 2012-ci ildə, Rusiya təxminən 180,9 milyard ABŞ dolları dəyərində xam neft ixrac etdiyi zaman qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, Rusiyanın neft gəliri 2000-2004-cü illərdə ildə 33,5 milyard dollar, 2005-2008-ci illərdə 223,6 milyard dollar, 2011-2013-cü illərdə isə 394 milyard dollar olub.
Rusiyanın enerji daşıycılarının ixracatından cəmi qazanclarına gəlincə, öncə onu qeyd edək ki, bu mənbədən Rusiyanın əsas qazancı xam neft ixracatındandır. Belə ki, 2021-ci ildə Rusiya 230 mln ton xam neft ixracından $110,12 mlrd, 144,3 mln ton neft məhsulu ixracından – $70 mlrd, 203,5 mlrd m3 təbii qaz ixracından isə – $55,51 mlrd qazanıb. Bundan əlavə , ötən il Rusiya maye qaz (LNG) ixracından $7,32 mlrd gəlir əldə edib.
2021-ci ildə Rusiyanın təbii qaz ixracının 185,1 mlrd m3-u “uzaq xaric” ölkələrinin payına düşüb: bunun 10 mlrd m3-u Çində, 174,9 mlrd m3-i isə Avropa bazarında (Türkiyə daxil) satılıb, yalnız Avropa bazarında satış həcmləri isə 148 mlrd m3 təşkil edib. Belə ki, ötən il Türkiyə Rusiyadan qazı “Mavi axın” kəməri ilə 15,98 mlrd m3 həcmində, “Türk axını” kəməri ilə isə – 10,9 mlrd m3 idxal edib.

Gülnar Məmmədli

Gununsesi.infoa