“Rusiyaya sanksiyaların müəyyən mənada Azərbaycana müsbət təsiri olacaq” - ƏLİ MƏSİMLİ

  • By admin
  • 10 Avqust 2017 11:42

20731125_1269755069813986_667336548_n

“ABŞ-ın Rusiyaya sanksiyaları Rusiyaya daha çox texnoloji, maliyyə bazarı, Rusiyanın energetika layihələrində iştirakına, Rusiya şirkətlərinin digər ölkələrin iri layihələrində iştirakı və sair bu kimi istiqamətlərdə təsir göstərir və göstərməkdə davam edəcək. Ümumiyyətlə, götürdükdə, eləcə də əgər məsələyə sadaladığımız kontekstdən yanaşsaq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan üçün elə bir ciddi təhlükə kəsb etmir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Onun sözlərinə görə, yeni sanksiyalar daha çox Rusiyanın enerji sektorunu əhatə edir. “Bu baxımdan sanksiyaların Azərbaycana təsiri də daha çox Rusiyanın “LUKoil” şirkətinin təmsil olunduğu “Şahdəniz” layihəsində iştirakı ilə əlaqədar ola bilərdi. Amma Rusiyanın energetika şirkətlərinin 33 faizdən çox payla iştirak etdiyi layihələrə sanksiya tətbiq olunacaq. “LUKoil” şirkətinin “Şahdəniz” layihəsindəki payı isə 10 faiz olduğundan bu sahədə Azərbaycan üçün problem yaranmır. Həm də ABŞ-ın sanksiyaları “Şahdəniz” layihəsinə problem yaratsaydı bu “üçbaşlı problem” olardı, həm Rusiyaya, həm Azərbaycana, həm də Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərərdi. Çünki hələlik Avropaya yeganə alternativ qaz xətti Azərbaycan qazı vasitəsilə həyata keçirilir. Deməli, sanksiyada məsələlər elə qoyulub ki, bunun Azərbaycanın enerji layihələri üçün heç bir zərərli nəticəsi olmayacaq. Əksinə Azərbaycanın enerji layihələrinin önəminə bir qədər müsbət təsir göstərə bilər”- deyə, Ə.Məsimli vurğulayıb.

Millət vəkili əlavə edib ki, sanksiyaların ikinci güclü təsir sahəsi Rusiyanın valyuta bazarına təsiri ilə bağlı olacaq: “Sanksiyalar tətbiq olunduqdan sonra Rusiyanın valyuta ehtiyatlarının “əriməsi prosesi” daha da sürətlənib və ölkənin valyuta ehtiyatları onun ümumu xarici borcunun məbləğindən xeyli aşağı düşüb. Bu amilin və bu kimi digər amillərin təsiri ilə maliyyə sektoruna təzyiqlər rus rubluna mənfi təsir edəcək”.

Ə.Məsimli hesab edir ki, Azərbaycanın xarici ticarətin dövriyyəsində Rusiya 12 faiz payla Türkiyədən sonra ikincidir. Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından biri olduğundan, rublun zəifləməsi, birbaşa olmasa da, dolayısı ilə Azərbaycan manatına da təsir edə bilər. “Ona görə Azərbaycanın Mərkəzi Bankı valyuta siyasətində bu amili nəzərə almalıdır. Əgər nəzərə alsaq ki, Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının əksəriyyəti Rusiyaya göndərilir, onda rus rublunun ucuzlaşması bizim həmin ölkəyə göndərdiyimiz malların qiymətlərinə də təsir edəcək. Və nəhayət, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına, həmin ölkədəki sahibkarlığa, işləyənlərin gəlirlərinə də mənfi təsir göstərir. Bu baxımdan sanksiyalar Rusiyada işləyən azərbaycanlıların öz ailələrinə və digər məqsədlər üçün Azərbaycana göndərdiyi pulların həcmi daha da azala bilər”.

Mürtəza

Gununsesi.info