Ruslar azərbaycanlıları Krıma niyə aparır? - AÇIQLAMA

  • By admin
  • 27 Mart 2022 13:16

Ukrayna Baş nazirinin müavini, ölkənin reinteqrasiya naziri İrina Vereşuk Xerson şəhərindəki azərbaycanlıların Rusiya hərbçiləri tərəfindən Krıma aparıldığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi bununla insanların məcburi deportasiyasını həyata keçirir.

“Xerson şəhərindəki Rusiya hərbçiləri azərbaycanlılar, ermənilər və mesxeti türklərinin deportasiyasına hazırlaşır. Onları Krıma aparmaq istəyirlər. Əldə olunan məlumata görə, işğalçılar nümayiş xarakterli aksiya planlaşdırıb. Xersondan Ukraynanın işğal olunmuş Krım bölgəsinə etnik azərbaycanlı, erməni və mesxeti türklərini məcburi şəkildə deportasiya etməyə hazırlaşırlar” – Vereşuk mediaya açıqlamasında deyib.

Bu barədə Modern.az-a danışan “Birlik” Odessa diaspor təşkilatının sədr müavini Anar Ağazadə Xarkov, Mariupol istiqamətində belə faktların olduğunu təsdiqləyib:

“Təbii ki, həmin ərazidə digər xalqların nümayəndələri də var. Onlara təhlükəsizlik baxımından təklif olunur ki, Krıma gedəndən sonra vətənlərinə qayıtsınlar. Digər tərəfdən bəzi insanlar məcburi şəkildə aparılır”.

“Rəsmi açıqlamaya görə, Ukraynadan 40 minə yaxın insan köçürülüb. Hətta Prezident səviyyəsində açıqlama oldu ki, iki minə yaxın uşaq valideynsiz köçürülüb. Ola bilər ki, Rusiyanın belə köçürmələrdə müəyyən məqsədi var. Müəyyən çəkilişlərdə xilaskar obrazını yaratmaq istəyirlər. Amma bunun başqa xalqların nümayəndələrinin üzərindən etmək o qədər inandırıcı olmayacaq. Ona görə başqa xalqın nümayəndələrinə, eləcə də Azərbaycan vətəndaşlarına humanitar dəhliz yaradılır.

Əvvəl bizə həmin ərazilərdən müraciət edən azərbaycanlı ailələr vardı, onların taleyindən xəbər ala bilmirdik. Sonra təsdiqləndi ki, vətəndaşlarımız Krıma gediblər. Yəqin ki, artıq vətəndə olarlar”, – deyə Anar Ağazadə vurğulayıb.

Gununsesi.info