Ruslar düşmən mövqeyi ilə bizi zaman-zaman məyus ediblər - "MOSKVA RAZILAŞMASI"NA EKSPERT BAXIŞI

  • By admin
  • 10 Oktyabr 2020 09:38

Rusiyanın israrı ilə Azərbaycanla Ermənistan arasında müharibənin dayanması birmənalı qarşılanmayıb.
Buna səbəb də Azərbaycan ordusunun işöalda olan torpaqlarımızı azad etməsi idi.
Amerikada yaşayan ADR Hərəkatının lideri Qubad İbadoğlu da Rusiyanı günahkar görür:
“Bilirəm ki, şimaldan gələn xəbərə görə çoxlarınız məyus olmusunuz. Əslində Moskvadan başqa gözləntilərimiz də olmamalıdır. Hələ çox uzaq olmayan tarixdə də ruslar həmişə düşmən mövqeyi ilə bizi zaman-zaman məyus ediblər. Odur ki, gəlin, geriyə dönüb, baş verənləri saf-çürük edək. Bu sualı cavablandırmağa çalışaq, sizcə bu müharibə oyunu kimə lazım idi? Mən öz fikirlərimi bölüşürəm, sizin də şərhlərinizi gözləyirəm.
Fikrimcə, yenə də bu müharibədən ən çox qazanan Rusiya oldu. Əvvala, Rusiya Paşinyana yerini göstərdi, ona bu müharibə vasitəsilə çatdırdı ki, mən olmasam türklər sizi məhv edər, bundan sonra ağıllı olun və mənim ətəyimdən bərk yapışın.
İkincisi, hər iki tərəfin müharibədə istifadə etdiyi və ən çox sıradan çıxarılan zirehli texnika (tanklar və s.) və hərbi maşınlar əsasən rusiyanın müdafiə sənayesinin istehsalıdır. Odur ki, həm Ermənistan və həm də Azərbaycan bu müharibədə itirdikləri hərbi texnika maşın və avadanlıqları parklarını yeniləmək, hərbi ehtiyatlarını yaratmaq üçün yenidən Rusiyadan silah almağa başalayacaqdır. Bu da tənəzzüldə olan Rusiya iqtisadiyyatına can verəcək.
Üçüncüsü, Rusiya hər iki tərəfi Kremldə danışıqlar stoluna oturdub, atəşkəsə qərar verməmiş otaqdan buraxmamaqla bir daha Cənubi Qafqazda söz sahibi olduğunu nümayiş etdirdi. Bununla da Qərbin, xüsusilə də Fransanın çalışdıqlarını etdi. Düşünürəm ki, Rusiya Qərbdən gələn təzyiqləri neytrallaşdırmaq üçün Qarabağda atəşkəsə nail olmaq sahəsindəki üstün möveyindən sui-istifadə etdi.
Türkiyə gəlincə, əgər atəşkəs davamlı olacaqsa Azərbaycan xalqından sonra ən çox uduzan onlar olacaq.
Yekunda əsas məsələyə Azərbaycana gəlmək istərdim. Sonda deməli olduğumu əvvəlcədən sizə çatdırıram. Bu atəşkəs ən çox Ermənistana lazım idi. Çünki, müharibənin həm daxili və həm də xarici şərtlərinə görə Azərbaycan daha əlverişli mövqeyə malik idi. Soruşun ki, niyə? Birincisi, xarici şərtlər üzrə koronavirusun pandemiyasının ikinci dalğası, ABŞ-da yaxınlaşan seçkilər, pandemiyadan və sosial-iqtisadi çətinliklərdən əziyyət çəkən Ermənistanın hazırkı hakimiyyətinin xalq arasında nüfuzunu azalması, Türkiyənin, İsrailin, Pakistanın, Əfqanıstanın, Ukraynanın Azərbaycana birmənalı siyasi dəstəyi qeyd oluna bilər.
Daxili şərtlərə gəlincə, milli ruhun yüksəlməsi, könüllü səfərbərlik, arxa cəbhənin ön cəbhəyə təmənnasız yardımları və mənəvi dəstəyi, orduda döyüş əzminin yüksək olması, şəhidlərin elliklə dəfnini qeyd etmək istərdim.
Həm daxili və həm də xarici amillər göstərir ki, hazırkı şərait Azərbaycan üçün tarixi fürsət idi. Atəşkəslə razılılaşmaq çıxış nöqtəsinə qayıtmaq deməkdir. Bu o deməkdir ki, bizim də, sizin də, xalqın da, əsgərin və zabitin də etdikləri sıfırlanır, millətin qüruru sınır.
Azərbaycan müharibə edəndə yalnız ermənilərlə üz-üzə qalmışdırsa, indi ermənipərəst ruslarla, Minsk Qrupu və digər beynəlxalq təşkilatlarla müzakirə stolu arxasında təklənəcək, çünki, Türkiyə də bu formatdan kənardadır. Odur ki, hesab edirəm ki, xalq olaraq çox ayıq olmalıyıq ki, yenə də dəfələrlə olduğu kimi rus-erməni hiyləsinin qurbanı olmayaq.
Gəlin, yaxın günlərdəki prosesləri izləyək və yenidən xalq-hakimiyyət məsələlərinə qayıdaq. Bununla əlaqədar yazmaq istədiyim önəmli məsələlər mövcuddur.

Gununsesi.info