“Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi”.
Gununsesi.org xəbər verir ki, məşhur kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bunları “Dojd” telekanalına müsahibəsində deyib.
Məşhur kinorejissor Azərbaycan hökuməti ilə əlaqələrinin kəskinləşməsindən də danışıb. R.İbrahimbəyov əmindir ki, Azərbaycanda hakimiyyət öz mahiyyəti etibarilə yekcins deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Bakıda onun başının üstünü təhlükə alıbmış: “Təhlükə kifayət qədər ciddi idi. Və nə vaxt ki, mən qardaşımın dəfninə gəldim, bəzi yüksək vəzifəli şəxslər dedilər: “Ah, bizim hakimiyyət necə də humanistdir, biz İbrahimbəyova dəfnə gəlməyə icazə verdik”. Mən, təbii ki, onlara güldüm. Yəni başqa yerlərdə olduğu kimi, Azərbaycanda da hakimiyyət yekcins deyil. Orada çox radikal güclər var, hansılar ki, axırıncı dəfə, yarım il əvvəl -“Qafqaz triosu” filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın”.
R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə, sözün müstəqim mənasında, təhrik ediblər. Və o öz keçmiş qərarına görə çox heyfsilənir: “Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılarlar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandırılan bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular”.
R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz onun namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım”.
R. İbrahimbəyov müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Kinorejissorunun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı daha çox dözümsüzdürlər, nəinki Azərbaycanda ermənilərə: “Azərbaycan ərazilərinin tutulması — bu, ağılsız, heç nə ilə bəraət qazandırılmayacaq təcavüzdür. Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal edilib, bu XX əsrdə olub”.
R. İbrahimbəyov Azərbaycanda rus dilinə və Rusiyaya xüsusi, ehtiyatlı münasibət haqda da danışıb: “Azərbaycanda çoxlu rus məktəbləri var, bundan əlavə, onlar təkcə Bakıda yox, həm də rayonlarda çoxdur. Bu bir praqmatik fikirlə bağlıdır: son vaxtlara qədər bir çox azərbaycanlılar əyalətlərdən işləməyə Rusiyaya gedirdilər, buna görə onlara rus dilini bilmək lazım idi. Və rus məktəbləri Azərbaycanda istənilən başqa respublikada olduğundan daha çoxdur. Bizdə Slavyan institutu var, bizdə Moskva Dövlət Universitetinin və Moskvanın hansısa başqa ali məktəbinin filialları var”.