Rüstəm Usubov cinayətləri barədə sualdan yayındı

  • By admin
  • 02 Dekabr 2021 12:26

Xəbər verdiyimiz kimi, Ali Məhkəmə Plenumu NİDA vətəndaş hərəkatının 4 üzvünə bəraət verilməsi barədə qərar qəbul edib. Ali Məhkəmənin qərarına əsasən həmin gənclər bəraət almaqla bərabər həm də dövlətdən külli miqdarda təzminat alacaqlar. Qeyd edək ki, bundan əvvəl tanınmış siyasətçi İlqar Məmmədov da Ali Məhkəmədə bəraət alandan sonra 234 min təzminat almışdı.
Xatırladaq ki, həmin siyasilərin ittiham aktını baş prokurorun sabiq 1-ci müavini Rüstəm Usubov imzalayıb.
Bu məsələ gündəmə gələndən sonra sosial şəbəkələrdə və mediada Rüstəm Usubovun məsuliyyəti məsələsi aktuallaşdı. Bununla bağlı saytımıza açıqlamasında tanınmış vəkil Aslan İsmayılov da Rüstəm Usubovun həbs edilməli olduğunu deyib.
O, bildirib ki, Rüstəm Usubov həbs edilən və bu gün bəraət alan şəxslərin əksəriyyətinin həbsinə təqdimat verən və qurama istintaqın nəticəsində yazılmış ittiham aktını təsdiqləyən şəxs olub: “Ona görə də bu gün MTN generalları ilə yanaşı Rüstəm Usubov da həbsdə olmalıdır”. Gununsesi.info-nun əməkdaşı bu ittihamlarla bağlı Rüstəm Usubovla telefon əlaqəsi saxlayıb, lakin əməkdaşımızın sualını dinləyən Usubov “heç nə demək istəmirəm” – deyərək, dəstəyi asıb.

 

İlhamə
Gununsesi.info