
Azərbaycanda rüşvətə görə cəzalar sərləşdirilir.
Rüşvətvermə, yəni xidməti vəzifəsinin, səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxs üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəzalar ağırlaşdırılır.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı AR Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Belə ki, AR CM-in 312.1-ci bəndinə əsasən, bu əməllərə görə 1000 AZN-dən 2 000 AZN-dək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza tədbiri nəzərdə tutulur.
Milli Məclis layihəni müzakirəyə çıxarmağa hazırlaşır.
Qeyd edək ki, AR CM-in 312.2 bəndinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə, ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə 2 000 AZN-dən 4 000 AZN-dək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur.
Bundan sonra 312.1-ci bəndinə təklif edilən dəyişikliyə əsasən, bu əməllərə görə 5 000 AZN-dən 8 000 AZN miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmçinin, 312.2-ci bəndinə təklif edilən dəyişikliyə əsasən isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi təklif edilir.
Gülnaz Qənbərli
Gununsesi.info