Rüşvətə görə saxlanılan məmur hakim qarşısına çıxarılır

  • By admin
  • 21 İyul 2022 10:00

Korrupsiya ittihamı ilə saxlanılan Göyçay İcra Hakimiyyətinin şəhər üzrı nümayəndəsi Rəşad Şükürovla bağlı istintaq tamamlanıb.

Gununsesi.info xəbər verir ki, onun barəsindəki cinayət işi üzrə materiallar toplanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Şükürov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bu ilin aprelində saxlanılmışdı. O mayda ev dustaqlığına buraxılmışdı.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə də bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev də həbs edilib və daha sonra ev dustaqlığına buraxılıb.

Gununsesi.info