Rüşvətxor yetişdirən ailələr…

Qarşıma bir statistika çıxmışdı; ABŞ, Avropa və Azərbaycanda dövlət işini arzulayan tələbələrin faizi. 

Amerikada və Qərbdə bu faiz çox aşağı idi, çünki tələbələr bilir ki, dövlət işinə getsə, bizneslə məşğul ola bilməyəcək. Çünki qadağandır. Bizneslə məşğul olmamaq da varlı olmaqdan məhrum edilmək deməkdir. Həmin səbəbdən Qərbdə dövlət işinə can atan tələbələrin faizi 2-6% arasında dəyişir.

Azərbaycanda isə faiz 87-dir. Çünki Azərbaycanlı tələbələr də onu yaxşı bilir ki, burada bizneslə məşğul olmaq üçün gərək dövlət işində olasan. Ya da dövlət  işində işləyən adamın ola. Təbii, qanun hər yerdə eyni cür yazılır. Qurban olaram Azərbaycan konstitusiyasına. Mənim üçün Azərbaycan konstitusiyası müqəddəs kitabdır. Yastığımızın altında, evimizin ən gözəl yerində saxladığımız, amma oxumadığımız, əməl etmədiyimiz müqəddəs kitab.

Bu da ayrı dərddir: ölkədə bir çox qanunların işləməməsinə səbəb elə bizim həmin kitabı oxumamamğımızdan, qanunvericilikdən xəbərsiz olmağımızdan irəli gəlir. Oxusaydıq, mən o məmuru doğan ananı şamla axtarardım ki, qanunu pozsun. Bu, ayrı bir yazının mövzusudur.

Qayıdaq tələbələrimizin dövlət işi azarına…

Fikir verirsiniz, ölkədə bir çox məsələlərdə asta-asta aşınma gedir: məsələn, əvvəllər “fahişəlik” dediyimiz əmələ indi “saxlayanı var” deyirik. Qafqazsayağı kapitalizmin akkumulyasiya etdiyi mənfilərdən biri də rüşvətxorluqdur. Bir zamanları elə fahişəlik qədər betər baxdığımız bu əməl sahiblərini indi gözəl yurdumuzun hər üç evindən birində yetişdiririk.

Əksər valideynlərin uşaqlarını dövlət işinə, güc sturukturlarına işə düzəltməyində məqsəd onlar üçün rüşvət ala biləcəkləri bir tribuna hazırlamaqdır. Əks halda məvacibi elə də yüksək olmayan bu işə görə niyə insanlar sino getsin?

İndi oğlu polisi seçən neçə valideyn ona evdə bunu deyir?! Oğlum, rüşvət alma, günahsızın yanında ol, bunu eləyənlərə qarşı mübariz ol!

Mən yüzlərlə ailə tanıyıram ki, rüşvət almağa gözüaçıqlıq kimi baxır. Ailənin rüşvətxor oğlu daha hörmətli sayılır. Əksər ailələr övladlarına rüşvətxoru nümunə gətirir. Bir daha deyirəm, bir zamanlar fahişədən fərqləndirmədiyimiz o adamlar indi başımızın tacıdır.

Eynəkli, kitab oxuyan uşaqların heç öz evlərində belə hörmətləri yoxdur. Əvəzində o balaca varlqıların elə körpəcə xarakterlərini pozuruq, onlara “çapıb-talamağı” qəhrəmanlıq kimi təqdim edirik.

Məhəllədə kiminsə başını aldadıb 10 qəpiyini mənimsəyən uşağın başı sığallanır, gecənin qəhrəmanı olur.

Biz nə zaman belə olduq?

Biz nə vaxtdan şirin ölümünə sevinənlərə çevrildik?

Bir zamanlar dünyanın alınmaz qalası olan, ən təmiz qanın qorunduğu, əldən-ələ keçməyən, dildən-dilə düşməyən Qafqazın övladları nə zaman sınan çinarlara baxıb sevinə, yanan evlərə baxıb qımışa bildi?

Vallah, bu yerlər tamam fərqlidir, buralar qəhrəmanlıq üçün pusquda duran, ömrü hesabına da olsa, qəhrəmanlıq etmək istəyən adamlar yetişdirir.

Qafqaz yarış meydanıdır. XIX əsrdə bircə xeyriyyəçinin ortaya çıxması bəs elədi ki, Bakının az qala yarsından çoxu xeyriyyəçi olsun. Burada əllərini və bir dizini yerə qoyub fıştıraq səsini gözləyən minlərlə adam var ki, yarışa atılsın. İnanın, rüşvətxor yetişdirmək də səhv fit səsinə başlayan bir yarışdır. Yurdumuza yaraşmayan bir yarış.

Qafqazlı tənqidlə yox, təqdirlə yola gələn insanlardandır. Gözəl yarışlar, möhtəşəm finalların qəhrəmanıdır bu adamlar. Sadəcə bu adamların əlini o qədər sıxmalısan ki, gözünün içinə baxsınlar. Gözünün içinə ki baxdılar, hər şeyi özləri başa düşəcək.  (Qafqazinfo)

Gununsesi.info