Əli Abbasovun işçiləri hakim qarşısına çıxarılır - "MAHMUDOV ÇETESİ"NƏ BAĞLI OLAN RABİTƏÇİLƏR KORRUPSİYADA İTTİHAM OLUNUR

  • By admin
  • 03 Oktyabr 2016 10:47

8dc0fc94-32f7-4a33-8e00-cafd5896bf11_292

Mənimsəmədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov və digər şəxslərin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, RYTN-nın sabiq əməkdaşlarının cinayət işi araşdırılaraq, məhkəməyə göndərilib.

İşə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.

Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilir.

Gununsesi.info