Səfər Əbiyevin müavini yenidən həbs təhlükəsi qarşısında -PROKUROR KOMANDANA 13 İL İSTƏDİ

  • By admin
  • 13 Yanvar 2017 09:28

shahin

Prokuror Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanova 13 il həbs cəzası istədi; 14 il Səfər Əbiyevin müavini olmuş vitse-admiralın taleyi ipdən asılı…

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az -ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Şahin Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə yanvarın 13-də davam edəcək. 
Qeyd edək ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. Ş.Sultanovun  2014-cü il aprel ayının 23-də həbs olunması mediada sabiq müdafiə naziri Səfər Əbiyevin də “başı üzərində” təhlükə kimi izah edilirdi.  Çünki Ş.Sultanovla bərabər   HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılmışdı. Həbs edilənlər sırasında HHQ-nin sabiq qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərlərinin olduğu bildirilirdi.
Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.
Həmin ilin oktyabr ayında vitse-admiralın  həbs müddəti daha 3 ay uzadıldı. Amma bu müddət başa çatmamış, Bakı Hərbi Məhkəməsi dekabr ayının 25-də onun barəsində olan həbs-qətimkan ev dustaqlığa ilə əvəzlədi.