Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti Gununsesi.info-nun “Ondan xəbərsiz toya gedən işçisinə töhmət verən Mürsəl İbrahimov bu cinayətlərdən necə xəbərsiz olur?” başlıqlı yazısına reaksiya verilib.
Qeyd edək ki, həmin yazıda Baş Prokurorluğun adıçəkilən qurumda apardığı anti-korrupsiya əməliyyatlarından bəhs olunmaqla yanaşı, həm də yeni rəis Mürsəl İbrahimovun məsuliyyəti də qabardılıb.
Ancaq Xidmətdən Gununsesi.info-nun elektron poçtuna göndərilən açıqlamada yazdıqlarımızın “əsassız” olduğu iddia olunur:
“Xidmətdə toya gedən işçiyə töhmət verilməsi kimi heç bir hal baş verməyib. Xüsusilə yazıda Xidmət rəisi haqqında bu “cinayətlərdən necə xəbərsiz olur?”, kimi şəxsi mülahizə tamamilə əsassızdır.
Əvvəla cənab Mürsəl İbrahimov Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Cəmi iki aydan bir qədər artıq müddət ərzində şəffaflığın, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində çox ciddi işlər görülməkdədir.
O ki, qaldı yazıdakı digər məqam – aidiyyəti dövlət qurumunun keçirdiyi əməliyyatla bağlı Xidmətin vəzifəli şəxslərinin saxlanılmasına; hüquqi dövlətdə yaşayırıq, istənilən qanunazidd əməl müvafiq qaydada öz hüquqi qiymətini almalıdır. Bu gün biz Zəfər qazanmış Silahlı Qüvvələrimizin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanları səfərbər etmişik.
Bu cür yazılar şəffaflıqla, vətəndaş məmnunluğunun təmin edilməsi, Qalib Ordumuzun keyfiyyətlə komplektləşdirilməsi ilə bağlı görülən işlərə kölgə salmaq cəhdidir. Amma heç bir cəhd Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına qoyulmuş vəzifələrin vaxtında və düzgün icrası istiqamətində strateji fəaliyyətin həyata keçirilməsinə maneə ola bilməyəcək. Bir daha yazıda qeyd edilən mülahizələri təkzib edirik.”
Şəbnəm
Gununsesi.info