
Qeyd edək ki, yeni rəis uzun müddət daxili işlər və təhlükəsizlik orqanlarında çalışıb.
Tərəddüd etmədən demək olar ki, 11 il ərzində bu qurumun fəaliyyətində əvvəlki dövrlə müqayisədə hansısa müsbət dəyişikliklər nəzərə çarpmadı. Hətta sələfi Əliağa Hüseynovdan fərqli olaraq, Arzu Rəhimovun cəmiyyətə, mediaya daha qapalı adam olduğu üzə çıxdı. O, bu qapalılığını 11 il ərzində Xidmətin fəaliyyətinə də uğurla tətbiq edə bildi. Mediaya tamamilə qapalı olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, onun strukturlarında nələr baş verdiyindən çox zaman cəmiyyətin xəbəri olmadı. Amma buna baxmayaraq, mətbuatda tez-tez Arzu Rəhimovun fəaliyyəti tənqid olunur, Xidmətdə ciddi rüşvət və korrupsiya faktlarının olduğuna dair materiallar dərc olunurdu.

Belə ki, bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində əməliyyat keçirib.
Hazırda həbs olunan şəxslərin fəaliyyəti ilə bağlı araşdrımalar davam edir. Cinayətə aidiyyəti olan digər şəxlərin də saxlanılacağı istisna olunmur.
Bakupost.az -ın əldə etdiyi son məlumatlara görə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Xidmətin yerli və mərkəzi strukturlarında növbəti əməliyyatlar keçirəcəyi gözlənilir.
Bildirilir ki, ötən illər ərzində rayon şöbələrində rüşvət müqabilində saxta səndələr tərtib etməklə xeyli insan hərbi xidmətdən yayındırılıb. Həmçinin Xidmətə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində də ciddi nöqsanlara yol verilib. Daha doğrusu, bu vəsaitlərin xeyli hissəsi Xidmətin keçmiş rəhbərliyi tərəfindən mənimsənilib.
Beləliklə, növbəti əməliyyatların daha səs-küylü olacağı, Xidmətin keçmiş rəisi Arzu Rəhimovun də fəaliyyətinin araşdırılacağı və hətta həbs olunacağı bildirilir.
Gununsesi.info