Tanınmış vəkil Şəfiqə Nağıyeva pozulmuş hüquqlarının bərpa edilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Tağıyevi məhkəməyə verib. Bu haqda gununsesi.info-ya Şəfiqə Nağıyevanın oğlu və köməkçisi Samir Nağıyev məlumat verib. Onun sözlərinə görə, Ş.Nağıyeva Nəsimi rayon məhkəməsinə iddia ilə müraciət edib. İddia ərizəsində göstərilib ki, 20.07.2016-cı il tarixində Vəkillər Kollegiyasının sədri Azər Tağıyev Şəfiqə Nağıyevadan xəbərsiz, xəstəlik vərəqəsi olduğu və stasionar qaydada ürəkdən müalicə edildiyi halda Rəyasət heyətinin iclasında vəkillik fəaliyyətininin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul edib, vəkillik fəaliyyətində guya nöqsan olduğunu bildirib. Bunda məqsəd isə onu xalqın gözündən salmaq, işgüzar nüfuzuna xələl gətirmək olub: “Mən vəkiləm. Hüququ pozulmuş insanlar mənə müraciət edirlər. Hal-hazırda isə mənim hüququm pozulur. Sizdən xahiş edirəm pozulmuş hüquqlarımın bərpa edilməsinə kömək edəsiniz”.
Ş.Nağıyevanın şikayətinə sentyabr ayında baxılacağını deyən Samir Nağıyev bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına inanırlar.
Nəsimi rayon məhkəməsindən Gununsesi.info-ya verilən məlumata görə, Ş.Nağıyevanın iddiası əsasında prosesə hakim Emin Mehdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 20 iyul 2016-cı il tarixdə Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə tanınmış vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova gununsesi.info-ya bu haqda açıqlamasında bildirib ki, 2016-cı ilin yanvar ayından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə Nağıyeva heç bir əsas göstərmədən iclaslara qatılmayıb. Həmçinin, gəlməməsi ilə bağlı izahatlar da yazmayıb. Digər tərəfdən isə o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib.Bunu artıq Baş Prokurorluq araşdıracaq.
Gülnaz Qənbərli
Gununsesi.info