Səfir etimadnaməsini Almaniya prezidentinə təqdim etdi

  • By admin
  • 11 Oktyabr 2016 22:23

ramin-alman

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov oktyabrın 11-də etimadnaməsini bu ölkənin Prezidenti Yoaxim Qauka təqdim edib.

Prezident Yoaxim Qauk Ramin Həsənovu Almaniyada səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gununsesi.info-nun məlumatına görə, səfir qəbula görə Almaniya Prezidentinə təşəkkürünü bildirib. O, Azərbaycan Respublikası Prezidentinin salamlarını, Almaniya Federativ Respublikasına və onun xalqına rifah, tərəqqi arzularını dövlət başçısına çatdırıb.

Almaniya Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Federal Prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.

Səfir Azərbaycan ilə Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdıraraq son bir il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. R.Həsənov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verib, Ermənistanın ərazilərimizi işğal etməsindən və bunun nəticəsində yaranmış qaçqın, məcburi köçkün problemindən bəhs edib. O, ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə də toxunub.

Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.

Gununsesi.info