“Ermənistanın xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır. Bu gün də Ermənistan Azərbaycan əleyhinə yalan və saxta təbliğatı davam etdirir. Davamlı olaraq Ermənistan Azərbaycanı təcavüzdə, Qarabağda humanitar böhran yaratmaqda ittiham edir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat çıxışı zamanı bir sıra məqamlara toxunub, təkliflər irəli sürüb.
“Hətta Ermənistan bu fəal siyasəti bir sıra müsəlman ölkələrində də sistemli şəkildə aparmağa çalışır. Ermənistan rəsmilərinin davamlı olaraq ərəb ölkələrinə səfəri bu fikri bir daha təsdiq edir. Ermənistan mediası ərəb mediası ilə fəal iş aparır. Bir neçə gün bundan əvvəl Dubayda yerləşən Məşhəd kanalına müsahibədə bir daha buna əmin oldum. Jurnalist israrla Qırmızı Xaç Komitəsinin qeyri-qanuni əməllərinə bəraət qazandırmağa və Azərbaycanı günahlandırmağa çalışırdı. Heç şübhəsiz ki, Azərbaycanın Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki diplomatik korpuslarımızın nümayəndələri bu təxribatların qarşısını almaq üçün ciddi səylə çalışırlar. Ancaq bu istiqamətdə səyləri daha da gücləndirmək, Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması üçün bir sıra ölkələrdəki səfirliklərimizin əməkdaşlarının sayının artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə ciddi ehtiyac var. Bir sıra ölkələrdə səfirlik əməkdaşlarının, maddi-texniki bazanın yetərli olmaması bu missiyanın uğurla yerinə yetirilməsində, Azərbaycan həqiqətlərinin təbliğində bir sıra çətinliklər yaradır. Ona görə gələcəkdə bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var”.
Gununsesi.info