Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 12 nömrəli tam orta məktəbdə baş tutdu.
Bu barədə Mingəçevir şəhər İcra Hakimiyyətindən Gununsesi.info-ya göndərilən məlumatda deyilir.
Aprelin 7-də keçirilən görüşdə 20 Yanvar küçəsindəki 18 nömrəli yaşayış binasının və ona yaxın olan ərazilərdə yaşayan sakinlər iştirak edirdilər.
Qeyd etmək istəyirik ki, icra başçısının keçirdiyi səyyar görüşə şəhərin digər ərazilərində yaşayan sakinlər də gəlmişdilər. Görüşü giriş sözü ilə açan şəhər rəhbəri ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin tapşırığına müvafiq olaraq bu qəbildən olan tədbirlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırdı.
Bildirdi ki, hazırda ölkəmizin hər yerində abadlıq, quruculuq işləri uğurla davam etdirilir. Dövlət proqramına uyğun olaraq Mingəçevir şəhərində də böyük həcmli işlərin yerinə yetirilməsi nəzərdə tutulur.
Hazırda şəhərin Aydın Məmmədov küçəsində su-kanalizasiya xətlərinin yenidən qurulması, şəhərin demək olar ki, bütün ərazilərində yeni işıqlanma sistemlərinin çəkilməsi davam edir. Yaz-yay mövsümünə uyğun olaraq yeni ağacların əkilməsi və onların suvarılması üçün müvafiq tədbirlər görülür. Bu gün Mingəçevirdə ağacların sulanması üçün hər hansı bir problem demək olar ki, yoxdur. Sakinlərin arzu və istəyinə uyğun olaraq məhəllələrdə uşaqların əylənməsi, böyüklərin istirahətlərinin təşkili üçün əlavə tədbirlər görülür, yeni nümunəvi məhəllələr yaradılır. Lakin eyni zamanda bir sıra çatışmazlıqlar və problemlər də mövcuddur. Elə bu baxımdan sakinlərlə keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Biz işimizi sizin məsləhət və təklif əsasında qurmağa çalışırıq.
Görüşdə sakinlərdən İsgəndər İbrahimov, Qüdrət Mirzəyeva, Əhməd Əhmədov, İmam Məmmədzadə, Pənah Rəsulov, Aygün Əhmədova, şəhid anası Minayə Əlimuxtarova, Səadət Hüseynova, Fərmin Quliyev çıxış edərək ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları problemləri dilə gətirdilər.
Xüsusən binaların istilik sistemi ilə təmin olunmaması, işsizlik, mənzillə təmin olunma, obyekt yeri üçün torpaq sahəsi tələbi, ağacların suvarılması üçün əlavə su xətlərinin çəkilməsi, məhəllələrdə işıq sistemlərinin yenilənməsi kimi problemlərdən bəhs etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinləyərək görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi, məsələnin yerində həll edilib araşdırılmasını tələb etdi. İcra başçısı sakinləri əmin etdi ki, Mingəçevirin inkişafı və tərəqqisi üçün bütün tədbirlər vaxtında öz həllini tapacaq.
Günay
Gununsesi.info