
Sibirdə 40 ildən artıq bir müddət sonra ilk dəfə bir qütb ayısı şəhərə girib.
Gununsesi.org-un “Euronews” saytına istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın şimalında yerləşən Norilsk adlı sənaye şəhərində qeydə alınıb.
Güman edilir ki, əldəndüşmüş və sağlam olmayan heyvan yemək axtararkən təbii yaşayış sahəsindən 500 kilometr uzaqlaşaraq yolunu azıb.
Norilsk bələdiyyəsindən bildirilb ki, yırtıcı heyvan təhlükəsiz vəziyyətdədir.
Zooloqların fikrincə, heyvanın sağlamlığı onu vəhşi təbiətə buraxmağa imkan vermir, buna görə də o, Krasnoyarsk flora və fauna parkına yerləşdiriləcək.
Qeyd edək ki, buzların əriməsi qütb ayılarının qida əldə etmək imkanlarını məhdudlaşdırır. Onların çoxu aclıqdan və qida uğrunda apardıqları mübarizə zamanı həlak olurlar.
Belə ki, ABŞ-ın Vəhşi heyvanların və balıq resurslarının Mühafizəsi Xidmətinin mütəxəssislərinin bir neçə il öncə hazırladıqları hesabatda bildirilib ki, buzlaqların əriməsi səbəbindən 35 ildən sonra qütb ayıları tamamilə yox olacaq, onların planetimizdəki ümumi sayı 26 mindən 9 minə qədər azalacaq. Əgər bu azalmanın miqdarı çox olsa, onda ağ ayıların bütün növləri məhv olma təhlükəsi ilə üzləşəcək.
Gununsesi.org