Şəhid adına olan küçədə palçıq dizə çıxır – FOTO

“Göydən bir balaca yağış düşən kimi Mehdiabadın küçələri Venesiyaya dönür, yolları su basır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakuplus.az-a Abşeron rayonu, Mehdiabad qəsəbəsi sakinləri bildiriblər.

Onların sözlərinə görə, şəhid Sabir Muradovun adını daşıyan küçədə də bu baxımdan vəziyyət acınacaqlıdır, yağış yağan kimi küçədə “göl” əmələ gəlir, palçıq dizə çıxır.

Sakinlər deyirlər ki, vaxtilə bu küçəyə öz hesablarına asfalt çəkdiriblər: “Ancaq əraziyə su çəkiləndə asfaltı dağıtdılar, sonra da heç nə edilmədi, eləcə qoyub getdilər. İndi isə yağış yağanda bu küçə ilə nə piyadalar hərəkət edə bilir, nə də avtomobillər. Qaloşla dayanacağa qədər birtəhər gedib, orda qaloşları marketə qoyuruq ki, gələndə götürək”.

Sakinlər bildirirlər ki, konkret olaraq bu ərazidə kanalizasiya xətti yoxdur, problemi yaradan əsas səbəblərdən biri də budur.

Sakinlərin sözlərinə görə, Mehdiabadın Sabir Muradov küçəsi də daxil olmaqla bir neçə küçəsindəki acınacaqlı vəziyyət barəsində sosial şəbəkədə paylaşımlar edilsə, mətbuat bu mövzuda dəfələrlə yazsa da, müvafiq qurumlar hələ ki fil qulağında yatmaqdadırlar.

 

 

 

Gununsesi.info