Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına hüquqi dəstək layihəsinə start verildi

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.
Bu barədə Gununsesi.info-ya danışan təşkilatın rəhbəri Xalid Kazımov deyir ki, layihə şəhid ailələri, qazilər və müharibə iştirakçılarına hüquqi dəstək verilməsini nəzərdə tutur: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihənin məqsədi şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qanunvericiliklə müəyyən edilən hüquqları ilə bağlı maarifləndirmə işi aparılması, həmin sosial qrupdan olan insanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkil edilməsi ilə hüquqlarının qorunmasına dəstək verməkdir.
Layihənin icra müddətində Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və müharibədən zərər çəkən digər şəxslərə qanunvericiliklə verilən hüquqlarla bağlı maarifləndirmə işi aparılacaq. Həmçinin, şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə problemlərinin həlli ilə bağlı onlara hüquqi konsultasiya xidməti göstəriləcək. Hüquqi konsultasiya xidməti həm onlayn, həm təşkilatın Bərdə rayonundakı ofisində, həm də Tərtər, Gəncə, Ağdam, Cəlilabad, İsmayıllı, Qusar rayonlarına səyyar səfərlər zamanı göstəriləcək. Hüquqi yardım həm bilavasitə, həm də “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə də hüquqi məsləhətlər veriləcək. Ehtiyac olduqda şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil ediləcək. Hazırlanan sənədlər (ərizə, şikayət, müraciətlər, məhkəmələrə iddia, apellyasiya və kasasiya şikayətləri) birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, əlilliyi olan şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılacaq.
Səyyar səfərlər zamanı şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə layihə çərçivəsində hazırlanıb çap edilən “Hüquq bələdçisi” adlı buklet paylanılacaq.
Eyni zamanda təşkilatın ofisində şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərin bütün növ elektron müraciətlərinin aidiyyati qurumlara onlayn göndərilməsində onlara köməklik ediləcək”.
Qeyd edək ki, layihə 2022-ci ilin fevral-aprel ayları ərzində respublikamızın Tərtər, Gəncə, Ağdam, Cəlilabad, İsmayıllı, Qusar rayonlarını əhatə edəcək. Buna baxmayaraq ölkənin digər regionlarında yaşayan şəhid ailələri, qazilər və müharibə iştirakçılarına da hüquqi konsultasiya xidməti göstəriləcək.

Günay
Gununsesi.info

HTML tutorial