Şəhid Elvin Mirzəyevin atası: “Özüm də, digər 3 oğlum da silaha sarılmağa hazırıq”

  • By admin
  • 11 İyul 2016 20:50

elvin-1

 

HTML tutorial

Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Azadxan oğlu Mirzəyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Gununsesi.info xəbər verir ki, şəhidin layiq görüldüyü medal iyulun 11-də Xaçmaz Rayon İcra Hakimiyyətində təşkil olunan mərasimdə onun ailəsinə təqdim edilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar.

Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elvin Mirzəyevin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib. Daha sonra şəhidin layiq görüldüyü medal onun anasına təqdim olunub.

Şəhidin atası Azadxan Mirzəyev torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib. Şəhid atası bildirib ki, Elvinin digər 3 qardaşı və şəxsən özü də Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hər an hazırdırlar.

Xaçmaz rayonundan millət vəkili seçilən Eldəniz Səlimov isə Gununsesi.info-ya açıqlamasında şəhidlərin Azərbaycan xalqının and yeri və baş tacı olduğunu vurğulayıb: “ Onlar Vətən, bizlər, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, gözəl gələcəyi uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalıblar. Onları daim anmaq, xatırlamaq, yetişməkdə olan və gələcək nəsilə yaxından tanıtdırmaq,  xatirələrini, ruhlarını əziz, uca  tutmaq hər birimizin müqəddəs borcudur. Şəhidlərimiz heç zaman unudulmayıb, unudulmur və unudulmayacaq. Xacmaz rayonudan olan şəhid Elvin Mirzəyevin də qəhrəmanlığı  gələcək nəsil üçün bir örnəkdir. Allah bütün şəhidlərimizlə bərabər, Elvinin də ruhunu şad, məkanını cənnətlik etsin. Onun, şəhidlərimizin hər birinin qarşısında baş əyirik”.

Qeyd edək ki, erməni silahlı qüvvələrinin təxribatları nəticəsində aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan 22 yaşlı hərbi qulluqçu Elvin Mirzəyev doğulub boya-başa çatdığı Xaçmaz şəhərində torpağa tapşırılıb.

 

elvin-2

 

elvin-3

 

 

Gununsesi.info