
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Şəhidlər Xiyabanında ötən ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili E.Süleymanova, digər dövlət rəsmiləri, mərhumun ailə üzvləri və döyüş yoldaşları, digər şəhid ailələri, gənclər iştirak ediblər.
Ombudsmanın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprel qələbəsi zamanı fədakarcasına şəhid olmuş hərbçilərin buradakı məzarları ziyarət edilib, Vətən uğrunda şəhid olan əsgər və zabitlərin əziz ruhu ehtiramla yad olunub.
Ombudsman 2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri qısa müddətdə həyata keçirdiyi sürətli əks həmlə zamanı qəhrəmancasına həlak olmuş “Murov qartalı” adını qazanan R.Orucovun döyüşlərdə göstərdiyi şücaətini xüsusi vurğulayaraq, mənfur düşmənlərin zəbt olunmuş torpaqlarımızdan tezliklə təmizlənəcəyinə əminliyini ifadə edib.
Müvəkkil qələbə müjdəsi ilə nəticələnmiş həmin döyüşlər zamanı işğal olunmuş torpaqlarımızın bir qisminin, strateji yüksəkliklərin geri qaytarılmasında şücaətlər göstərən ordumuzun və xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyevlə vəhdət təşkil etdiyini vurğulayıb. O, qeyd edib ki, həmin dövrdə dövlət başçısı və xanımı Mehriban Əliyevanın təmas xəttinə səfəri yerli sakinlərlə yanaşı, bütün xalqımızda və ordumuzda ruh yüksəkliyini və böyük qələbəyə inamını daha da artırıb.
Bildirilib ki, bu günlərdə ölkə Prezidenti Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həmin döyüşlər zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşlər keçiriblər ki, bu da xalqımız tərəfindən yüksək dəyərləndirilib.
Ombudsman çıxışının sonunda Azərbaycan xalqının Raqufu və Vətənimiz uğrunda canlarından keçən bütün oğulları heç vaxt unutmayacağını, onların vətənpərvərliyinin gənclərə və gələcək nəsillərə örnək olduğunu söyləyib.
Tədbirdə digər dövlət rəsmiləri də apreldöyüşlərində igid kəşfiyyatçının göstərdiyi qəhrəmanlıq haqqında fikirlərini bildirib.
İldönümü qeyd edilən Raquf Orucovun ailə üzvləri adından çıxış edən qardaşı Zabil Orucov onun şəhidlik zirvəsinə yüksəlməsi ilə fəxr etdiklərini və ailələrinə göstərilən dəstəyə, qayğıya və diqqətə görə başda Ali Baş Komandan cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.
Sonda şəhidin əziz xatirəsinə ehsan süfrəsi verilib.
Gülnaz Qənbərli
Gununsesi.info