
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı 8 Aprel 2023-cü il tarixində Şəhidlər xiyabanında Qarabağ müharibəsi şəhidi, tabor komandiri Baş leytenant Mahir Quliyevin anım günü tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək Şəhid Mahir Quliyevin keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bildirdi ki, dövlətimiz şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərərək, şəhid ailələrinin yanında olub.
Millət vəkili Aqil Məmmədov çıxış edərək belə tədbirlərin mütəmadi keçirilməli olduğunu, vətən yolunda şəhid olmuş hər bir insanın xatirəsinin daima əziz tutulmasının önəmindən danışmışdır. Bildirmişdir ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürur mənbəyimiz olmuş və belə də olacaqdır. 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən, otuz il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında Mahir kimi qəhrəman oğullarımızın göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Mahirin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb.
Ziyalılardan Vahid Həsənov, Cəfər Bağırov, Filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədli, BDU-nun müəllimi tarixçi Ramiz Nəcəfov, Jurnalist araşdırmaçı Elxan Salahov, “Türkistan” qəzetinin baş redaktoru Aqil Camal, “102-ci qəzet”-ın baş redaktoru Tural Kəlbəcərli, “Dəlidağ” qəzetinin baş redaktoru Namiq Dəlidağlı, şair Adil Həmid, Daşqın Ziyəddinoğlu, Balay Nəsibov, Başlıbel İctimai Birliyinin təsisçisi Nürəddin Həşimov, Şəhid Ülfət Kərimovun qardaşı Zöhrab Kərimov, Vətən müharibəsi şəhidi, Qarabağ ordenli mayor Azər Mikayılovun qardaşı Anar Mikayılov, tədqiqatçı jurnalist Ədil Arifoğlu, həkim Zöhrab Şirinov, ictimai fəallar Müzəffər Əliyev, Rövşən Hüseynov və digərləri tabor komandiri şəhid Mahir Quliyevin keçdiyi həyat yolundan və qəhrəmanlığından söz açaraq, qəhrəman döyüşçüylə bağlı xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Quliyev Mahir İbrahim oğlu 14 mart 1969-cu ildə Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Hərbi Ümumqoşun məktəbinə daxil olmuş və oranı bitirdikdən sonra hərbi xidmətini Rusiyanın Samara şəhərində davam etdirmişdir. 1991-ci ildə Vətənə dönmüş və “Goranboy batalyonu”nda xidmət etməklə Goranboy, Ağdərə, Tərtər bölgələrinin erməni işğalçılarından azad edilməsində iştirak etmiş, hərbi bacarığı ilə seçilmişdir. 1992-ci ildən “Əfsanəvi alayda tabor komandiri təyin edilmiş Azərbaycan Ordusunun zabiti kimi döyüşlərin ən gərgin nöqtələrinə atılmışdır. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərmiş, Laçın bölgəsindəki döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 8 aprel 1993-cü ildə Murovdağın ətəyində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sonda çıxış edən şəhid Mahir Quliyevin qardaşı, əməkdar jurnalist Əlövsət Ağalarov tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, qeyd etdi ki, bu günə şükürlər olsun ki, 27 sentyabr 2020-ci ildən başlayan 44 günlük vətən müharibəsində qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldılar.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.














Gununsesi.info