Şəhid Tural Abdullayevin xatirəsi anılıb - FOTOLAR

  • By admin
  • 30 Oktyabr 2022 09:59

Xocavənd qəsəbəsinin “Şəhidlər” Memorial Abidə Kompleksində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatıb. Natiq qeyd edib ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak edib, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən şəhidin anası Adilə xanım  övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirib, Şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, Şəhid anası Maya xanım, Şəhidin döyüş yoldaşları çıxış edərək 44 günlük Zəfər tariximizdən geniş söhbət açıb, Şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi dəyərləndiriblər. Çıxış edənlər Tural Abdullayevin məktəb və hərbidə xidmət etdiyi illərdən söz açaraq onun mehiriban, güləriz, ailəcanlı və sədaqətli gənc olduğunu bildiriblər.

Natiqlər Şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunmasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Sonda Salakətin kənd tam orta məktəbinin sagirdləri şeirlər səsləndiriblər.

Gununsesi.info