Şəhid valideynlərinin dəfni zamanı xoşagəlməz hal – İslam dini nə deyir?

Son günlər adət halını almış bir mövzü insanlar tərəfindən ciddi olaraq qınanılır. Söhbət şəhid valideynlərinin vəfat etdikdən sonra  tabutunun övladının məzarının üstünə aparılması və orada müəyyən ayinlərin həyata keçirilməsidir.

Son zamanlar bu a dət halını aldığından geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bu, həm cəmiyyət, həm də bəzi din xadimləri tərəfindən də qınanılır və adət halına çevrilməsinə etirazlar edilir.

Müəyyən insanlar bu hərəkətin mənəvi və dini baxımdan doğru olmadığını düşünür və şəhid övladlarının qəbrinə valideynlərin nəşinin aparılmasını yersiz bir adət kimi qəbul edirlər.

Narazılığın əsas səbəblərindən biri, bu cür ayinlərin dinin qaydalarına uyğun olmadığı və artıq dini çərçivələrdən çıxaraq adət halını alması ilə bağlıdır.

Şəhidlik statusu cəmiyyətdə xüsusi bir mənəviyyata malik olsa da, bu cür adətlərin mütləq şəkildə icra edilməsinin tənqid edilməsi həm dini, həm də mənəvi səbəblərlə əlaqələndirilir.

Bəs, İslam dininin bu məsələyə münasibəti necədir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan deyir ki, İslam dini insanın yaşam tərzinin düsturunu cızdığı kimi ölümün də düsturunu göstərib:

“Ölü üçün qüsl, kəfən, namaz və dəfni dinimiz vacib edib. Yerdə qalan işlər – Quran oxumaq, təlqin vermək, başdaşı qoymaq, ehsan vermək, yas məclisi qurmaq kimi məsələlərin də bir qismi müstəhəb, bir qismi də bidət və xurafatdır. Qarşıma bir görüntü çıxdı, Mingəçevir şəhərindən. Vəfat etmiş şəhid yaxınlarının nəşini Şəhidlər xiyabanına aparıb şəhidin məzarı yanında qoyurlar, orada müəyyən ayinlər icra edib sonra dəfnə aparırlar. Bu işi təşkil edənlər bildirib ki, şəhidin anasını aparıb şəhidlə görüşdürüb yola salırıq. Təşkilatçıların rəsmi din xadimi olub olmadığını bilmirəm, ancaq onu deyə bilərəm ki, dinimizdə və adətimizdə belə bir əməl yoxdur. Dirilər ölülərin ziyarətinə gedər, ölülər ölülərin ziyarətinə yox. İnsan qüsl və kəfənlənib namazı qılınandan sonra vacib olan onu dərhal dəfn etməkdir. Ləngitmək, aparıb gəzdirmək doğru deyil. Peyğəmbərimiz (s) vəfat edəndə onun cənazəsini aparıb, Kəbəni təvaf etdirməyiblər. Nə də 1400 ildir Mədinədə vəfat edən milyonlarla şəxsin nəşini Allah Rəsulunun məzarına aparmayıblar. Yaxud şəhid səhabələr, İmamlarla bağlı da belə göstəriş yoxdur”.

Tural İrfanın sözlərinə görə, dinimizdə qəbristanlıqda və qəbir olan yerdə cənazə namazı da daxil olmaqla ümumilikdə namaz qılmaq doğru sayılmır:

“Namaz başqa yerdə qılınıb qəbristanlığa aparılmalıdır. Bu adəti, daha doğrusu, bidəti icra edənlər yas sahibini də əziyyətə salırlar, dərdini artırırlar. İstidə ya soyuqda meyiti çətinliklə dar qəbirlərin arası ilə aparıb orada toplanış etmək, ölüyə də diriyə də əziyyətdir. Bu adətin, əslində bidətin təməlini qoyanlar şübhəsiz ki, din adı ilə ölkədə xüsusi xarici maraqlara xidmət edənlərdir və məqsəd ixtilaf salmaq, inanclı insanlar arasında bu kimi ayinlərlə fərq yaratmaq, məzhəb nifaqı yaratmaqdır”.

İlahiyyatçı qeyd edir ki, xarici maraqlara xidmət edən şüar və söhbətlərini belə yerlərdə icra etməkdir:

“Şəhid ailələrinin həssaslığından istifadə edənlər var. Onları təsir altına salıb din adı altında milli, mənəvi dəyərlərimiz üçün xarakterik olmayan qeyri – ənənəvi inanclara çəkmək istəyənlər var. Əsasən bölgələrdə xaricdən təsirlənən bəzi qruplar yeni – yeni bidətlər meydana gətirib əhali arasında yaymaqla mötədil inanclı insanlarım etirazına səbəb olurlar və eyni zamanda əhalinin həssas təbəqəsi olan şəhid ailələlərinə sızırlar ki, maraqlarını onları özlərinə qalxan edərək həyata keçirsinlər. Bu məsləyə aidiyyəti qurumlar biganə qalmamalıdır”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info