Şəhidin qardaşına “şəhid ailəsi” statusu verilmir… Saxta yolla yaxınlarına şəhidlik statusu alanlar isə...

Xəbər verildiyi kimi, Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu verilmədi. O, hazırki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün, şəhid ailəsi statsusundan məhrum edildi.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin açıqlamasında bildirilir ki, S. Əhmədovun şəhid ailəsi statusuna aid edilməsi üçün, o, mütləq şəkildə ali təhsil müəssisələrindən birində əyani təhsil almalı idi: “İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”.

Xatırladaq ki, Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-də Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Sənan Əhmədov yerli mediaya açıqlamasında bu qərarı məyusluqla qarşıladığını bildirib:Mən, nə ev, nə maşın, nə də pul istədim. Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, amma məni şəhid ailəsi hesab etmədilər”.

Söszüs ki, bu, valideyn himayəsindən məhrum olan, uşaq evinin çətinlikləri ilə böyüyən, canının bir parçası – qardaşını itirən Sənanın gələcək həyatında daha da yalnız oluğunu ona hiss etdirəcək absurd bir qərar idi. Bəlkədə bu statusdan doğan bir sıra imtiyazlar Şəhid qardaşının yaralarını az da olsa saracaq, gələcəkdə qarşılaşacağı çətinlikləri aşmaqda ona yardımçı olacaqdı, amma…

 

 

Qeyd edək ki, daha öncə bu barədə Milli Məclisdə çıxış edən Millət vəkili Aqil Abbas sözügedən qanunun anlaşılmaz olduğunu bildirmişdi: “Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu verilmir və bu, qanunvericilikdə olan müddəa ilə izah olunur. Axı bu nə qanundur?”.

“Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər? Şəhid qardaşına iki otaq verilməsi böyük işdir? Bir nəfər üçün qanunun böyründən də keçmək olar. Qanun ona niyə iki otaq verməyə imkan vermir? Parlament sədri kimi sizdən xahiş edirəm ki, bu məsələni gündəmə gətirin o oğlana şəhid ailəsi statusu verilsin”, -deputat bildirib.

Maraqlıdır görəsən, 2022-ci ildə pensiya xərclərini azaldaraq, 820 milyon manatdan artıq bir vəsaitə “qənət” etdiyini fəxrlə açıqlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istisna halları nəzərə alaraq, Şəhid qardaşını bu imtiyazla təmin edə bilməzdimi? Yeri gəlmişkən, onu da qeyd edək ki, nazirlik bu yaxınlarda Sənan Əhmədovun “mənzil şəraitini yaxşılaşdırmaq üçün” ona bir otaqlı ev vermişdi. S.Əhmədov isə nazirliyin bu “hədiyyə”sini haqlı olaraq geri çevirmişdi.

 

 

Bu mövzuyla bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər”lə bağlı qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslərdir:“Qüvvədə olan qanunvericiliyə görə, şəhid statusu ala bilən ailə üzvləri – şəhidin ata-anası, şəhidin sağ qalan həyat yoldaşı, şəhidin 18 yaşına çatmayan övladları, o cümlədən o övladlar əgər əyani formada təhsil alırlarsa, 23 yaşına qədər şəhidin ailə üzvləri hesab olunurlar. Bu səbəbdən də onlar şəhid ailəsi statusundan yararlana bilirlər.

Maraqlı nüans odur ki, şəhidin uşaq evlərində böyüməkdə olan və 18 yaşına çatmayan ata-ana himayəsindən məhrum olmuş bacı-qardaşları da 23 yaşına qədər əyani formada təhsil alırlarsa, şəhid ailəsi statusundan yararlana bilirlər. İndiki halda şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu ilə bağlı verilən imtina cavabı qanunvericilik əsasında qanunidir. Çünki faktiki olaraq Sənan Əhmədovun yaşı 23-dən çoxdur, eyni zamanda o, yetkinlik yaşına çatmış şəxsdir”.

“Sənan Əhmədova da yeganə sağ qalmış ailə üzvü olmasından dolayı ona şəhid ailəsi statusunun verilməsi gələcəkdə digər bu qəbildən olan şəxslərindən də, o cümlədən Birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın ailə üzvlərinin də belə bir qərardan yararlanaraq dövlət qurumu qarşısında iddia qaldırmasına gətirib çıxara bilər. Bu isə ciddi məhkəmə çəkişmələrinə aparar. Ona görə də hesab edirəm ki, Sənan Əhmədov bu iş üzrə şəhid statusu almamalıdır. Qanunvericilik əsasında dövlət qurumunun bu məsələ ilə bağlı verdiyi qərarı qanuni hesab edilir”, – R.Süleymanov qeyd edib.

Təəssüf ki, bu gün S. Əhmədovun timsalında yüzlərlə, minlərlə kimsəsiz gənc belə lazımsız şərtlərə görə, şəhid ailəsi statusundan kənarda qalır. Əvəzində müxtəlif şəxslər saxta yollarla, çirkin vasitələrlə yaxınlarına şəhid statusu alaraq, dövlətin təyin etdiyi imtiyazlardan istifadə edirlər.

Bu imtiyazlardan yararlananlar isə həm dövlət büdcəsinə zərər vururlar, həm də şəhid adını öz çirkin əməllərinə alət edirlər. Bunun üçün ilk öncə yalançı şahidlərin ifadələriylə vəfat edən şəxsin həqiqi ölüm səbəbi saxtalaşdırılaraq, güllə və ya qəlpə yarasından həlak olduğu kimi göstərilir. Sonra isə vəfat edən şəxsin yaxınları şəhid ailəsi statusu alırlar. Açığa çıxmayan xeyli belə faktın olduğu da şübhə doğurmur.

“Bəzi imkanlı, tanınmış şəxslər məhkəmə hakimləri ilə çirkin işbirliyinə gedərək 90-cı illərdə Qarabağ bölgəsində müxtəlif səbəblərdən (avtomobil qəzası, bədbəxt hadisə və sair səbəbdən) həlak olan yaxınlarına saxta yollarla şəhid statusu almağa cəhd edirlər” – deyə, bir müddət əvvəl saytımıza verilən məlumatda bildirilidi.

Hətta artıq buna nail olanların, atasına, qardaşına saxta yolla şəhid statusu alanların olduğu da iddia edilir.

 

 

Qeyd edək ki, bu cür iddialar zaman-zaman mətbuat vasitəsilə gündəmə gətirilsə də, indiyə qədər müvafiq qurumlar tərəfindən hansısa reaksiya verilməyib, ciddi bir tədbir görülməyib. Mətbuatda yer alan xəbərlərə görə, 2000-ci ildən sonra saxta arayışlarla şəhid statusu verilən kifayət qədər şəxs var.

Məlumuat üçün onu da qeyd edək ki, şəhid statusu alan şəxslərin yaxınları dövlətin təyin etdiyi bir sıra imtiyazlardan yararlana bilərlər. Məsələn, şəhidin pensiya hüququ varsa, bu müavinət onun ailə üzvlərinə ödənilir. Pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə, hər bir ailə üzvünə 80 manat məbləğində müavinət verilir.

Bundan əlavə hər ay şəhid ailələrinə 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Şəhid ailələrinə on bir min manat məbləğində birdəfəlik ödəmələr olunur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə təmin olunurlar və sair.

Sonda qeyd edək ki, S.Əhmədovun şəhid ailəsi statusundan məhrum edilməsi, hazırki qanuna müvafiq dəyişikliklərin ediməsini bir daha gündəmə gətirib. Ümid edirik ki, səlahiyyətli qurumlar S.Əhmədov kimi şəhid yaxınlarının bu cür problemlərlə qarşılaşmamaları üçün, lazımi addımlar atacaqlar.

Bəlkə də bu dəyişikliklərlə birlikdə, müəyyən məbləğ qarşılığında şəhidlik statusu paylayanların, bu çirkin əmələ alət olanların şəhid adına və ruhuna qarşı etdikləri hörmətsizliyə son qoymuş olarlar…

Gununsesi.info