Səhiyyə Nazirliyi qriplə bağlı əhaliyə çağırış etdi

  • By admin
  • 21 Fevral 2024 15:57

Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır.

O bildirib ki, soyuq fəsillərdə kəskin respirator xəstəliklərin insanlar arasında yayılması daha çox müşahidə olunur:

“Fəsillər dəyişərkən immunitet müəyyən qədər arta və ya azala bilər. Soyuq hallarda əhalinin qapalı məkanlarda sıx toplaşması da kəskin respirator infeksiyaların yayılmasında rol oynayır. Eyni zamanda, qidalanmaya diqqət etmək lazımdır ki, immunitetimizi gücləndirə bilək. İmmunitet gücləndirildiyi halda yoluxma olmur, olsa da insan xəstəliyi rahat keçirir”.

“İmmun sistemində problem olan insanlar özlərini qorumalıdırlar. Tənəffüs yollarının xroniki xəstəliklərindən əziyyət çəkən insanlar xəstəliyi daha ağır keçirirlər. Eyni zamanda, digər orqanlarında xəstəliklər olan şəxslər də risk qrupuna daxildirlər. 1 yaşa qədər uşaqlar da kəskin respirator xəstəlikləri ağır keçirirlər və ölüm halları daha çox bu yaş qrupunda olan körpələrdə müşahidə edilir. Buna görə 5 yaşa qədər uşaqları kəskin respirator xəstəliklərə yoluxmadan qorumaq lazımdır. Bununla yanaşı 65 yaşdan yuxarı şəxslər də kəskin respirator xəstəlikləri ağır keçirirlər. Onlar da bu xəstəliklərə yoluxmanın qarşısını almaq üçün profilaktik tədbirlər görməlidirlər”, – deyə o qeyd edib.

Təyyar Eyvazov qeyd edib ki, qızdırma yüksək olarkən antibiotiklərin reseptsiz qəbulu barədə danışan mütəxəssis diqqətə çatdırıb ki, antibiotiklərin viruslara təsiri yoxdur:

“Həmin dövrdə antibiotiklərin istifadə olunması digər orqanizmlərə yan təsir göstərməsi ilə yanaşı immunitetə də mənfi təsir göstərir. İnsanlar bilməlidirlər ki, antibiotiklər bakterial infeksiyalarda təsirlidir. Yəni qripin bakterial fəsadları müşahidə edildiyi zaman antibiotik qəbul etmək olar. Bu isə ancaq həkim müayinəsi nəticəsində müəyyənləşdirilir”.

 

Gununsesi.info