
Bu ilin birinci yarısında ölkəmizdə fəaliyyət göstərən regional narkoloji dispanserlərin, əlaqədar təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunub. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində narkologiya ixtisası üzrə ümumi təkmilləşdirmə kursları keçirilib. Kurslara Bakıda və rayonlarda psixonevroloji və narkoloji dispanserlərdə, poliklinikalarda çalışan həkim-narkoloqlar cəlb olunublar. Bundan başqa, Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərilib.
Bu barədə Gununsesi.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu ilin ötən 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinələrdən 11 min 715 nəfər keçib. Onlardan 478-i narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 243 nəfərin narkotik istifadəçisi olduğu aşkarlanıb.
Eyni zamanda, bu müddətdə 1321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573-ü alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozu, 748-i isə opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.
Gununsesi.info