Səhiyyə Nazirliyi: 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15% artması gözlənilir

  • By admin
  • 30 Yanvar 2017 11:12

sahiyya

“Əgər 30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə insanlar qeyri-infeksion xəstəliklərdən ölür. Hazırda Azərbaycanda xəstələnmə və ölüm halları qeyri-infeksion xəstəliklərdən baş verir”.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri müavini Nabil Seyidov deyib.

O, bildirib ki, ölkədə insanlar əsasən ürək-damar, beyin-damar (insult, infarkt) xəstəliklərindən (51%) və onkoloji xəstəliklərdən (11%) həyatlarını itirir:

“Proqnozlara görə 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15% artması gözlənilir”.

N. Seyidovun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür:

“Hazırda Azərbaycanda ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklərin (ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanlar xəstəlikləri və s.) payına düşür”.

İSİM rəsmisi onu da qeyd edib ki, Azərbaycanda süd-vəzi xərçəngindən ölənlərin sayı kəskin azalıb.

Gununsesi.info